Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bu barədə məlumat Fondun mətbuat xidmətindən verilib. Məlumatda deyilir ki, DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımı vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib və bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını əldə edə biləcəklər.
Qeyd edək ki, bir qayda olaraq ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir. Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb.
Xatırladaq ki, 1 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir.