Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
İQTİSADİYYAT
16:44 30.09.2026
124
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb.

AZXEBER.COM "Yeni Sabah"a istinadla xəbər verir ki, sənədə əsasən, pensiya yaşına çatması səbəbindən öz istəyi ilə işdən ayrılan və ya dövlət qulluğunda olmanın son yaş həddinə çatdığı üçün qulluğuna xitam verilən şəxslərə birdəfəlik haqq ödənilə bilər.

Təklif olunan mexanizmə görə, ödənişin hesablanacağı dövrü dövlət qulluqçusunun özü müəyyənləşdirəcək. Şəxs birdəfəlik ödənişi ya son 24 aylıq qulluq dövrü, ya da seçəcəyi ardıcıl 60 ay ərzində aldığı orta aylıq məvacib əsasında tələb edə bilər. Birdəfəlik haqqın məbləği həmin orta aylıq məvacibin 6 misli həcmində müəyyən edilir.

Layihənin mühüm detallarından biri də bu ödənişin vergidən, məcburi dövlət sosial sığorta haqqından və digər icbari tutulmalardan tam azad edilməsidir.

Məcəllədə, həmçinin başqa bir vacib sosial təminat mexanizmi də yer alıb. Pensiya yaşına çatması və ya əlilliyi səbəbindən öz təşəbbüsü ilə qulluqdan çıxan, minimum tələb olunan staja malik, lakin əmək pensiyası hüququ qazanmayan şəxslərə ömürlük müavinət təyin olunacaq. Həmin müavinətin məbləği fəaliyyətini davam etdirən dövlət qulluqçularının maaş artımlarına paralel olaraq müntəzəm şəkildə yenidən hesablanacaq.
OXŞAR XƏBƏRLƏR