- Bildiyiniz kimi, Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalına start verilib. Bu festivaldan ən böyük gözləntiniz nədir?- Mən festivalda hər şeyin obyektiv olmasını istəyərdim. Gənclər festivalın obyektivliyinə əmin olmalıdırlar. Bundan başqa festivalın rəngarəng olmasını istəyirəm. Düşünürəm ki, yenilik olmalıdır. Artıq bütün dünya teatrları yenilik axtarışındadır. Amma biz hələ də köhnə fikirlərdən əl çəkmirik. Vəziyyəti dəyişmək üçün yeni yollar axtarmaq lazımdır. Ümid edirəm ki, bu festival dönüş nöqtəsi olacaq və gənclər kreativ fikirləri ilə bizi təəcübləndirəcəklər.
- Siz nə yenilik təklif edərdiz?
- Bu gün dünya tetrları janr axtarışındadır. Dünya teatrları indi qarışıq janrlara meyl edib, bizdə isə hər şey konservativdir. Sözlü tamaşalardan yaxa qurtarmaq lazımdır.
- Sizin də öz teatrınız var. Teatr olaraq bu festivala qatılmaq fikriniz varmı?
- Yox, mən bu festivala qatılmağı planlaşdırmıram. Hazırda teatr olaraq işlərimiz çoxdur. Hələ gəncləri peşəkar kimi formalaşdırmağa çalışırıq. Onlar tam hazır olandan sonra festivallara qatılacaqlar.
- Sizcə gəncləri vətənpərvər ruhda yetişdirmək üçün nə etmək lazımdır?
- İlk növbədə məktəblərdən, universitetlərdən başlamaq lazımdır. Bundan başqa televiziyalardan bayağı verilişləri birdəfəlik yığışdırmaq lazımdır. Gənclər bayağı verilişlərə baxırlar və beyinləri də o cür formalaşır. Gənclər arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Bundan sonra istədiyimiz nəticəni ala biləcəyik.
- Sonda festivalda iştirak edəcək gənclərə nə demək istərdiz?
- Əksər teatrlarda gənclər üçün yaradıcı studiyalar olmadığından istedadlı gənclər özlərini böyük teatr səhnələrində sınaya bilmirlər. Bu festival yaradıcı gənclərimiz üçün böyük praktikadır. Festival sayəsində onlar öz qabiliyyətlərini bütün respublikaya göstərə biləcəklər. Bildiyiniz kimi, teatrın insanlara təsir gücü danılmazdır. İnsanların vətənpərvərlik ruhunda yetişməsi üçün teatr böyük əhəmiyyət daşıyır. Mən də öz növbəmdə bu festivalda iştirak edəcək bütün gənclərə uğurlar arzulayıram.
Hacıbəy Heydərli