Polis adam öldürən cüdo üzrə Azərbaycan çempionunu tapa bilmir

Polis adam öldürən cüdo üzrə Azərbaycan çempionunu tapa bilmir
Bütün Xəbərlər
11:43 27.09.2011
1742
Yasamal rayonunda dəhşətli qətl törədən Azərbaycan çempionu axtarışa verilib. Rayon Prokurorluğundan “Bizim Yol”a verilən məlumata görə, təxminən 17 gün əvvəl, 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərovu hələ də tutmaq mümkün olmayıb. 
Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarış elan olunub.
İttihama görə, M.Cəfərovun T. Məmmədovla münaqişəsi “Diana” barında başlayıb. Sentyabrın 9-a kəçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov, səhəri gün idarə etdiyi qara rəngli “Hyundai-Sonata” markalı avtomobillə Talehin yaşadığı evə gəlib və onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına “O, tək gəlib, mən də tək gedəcəm” deyərək Müseyibin maşınına əyləşib. 
İ.Qutqaşenli küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə, cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd “Makarov” markalı tapançasını və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.
Bir vaxtlar peşəkar idmançı kimi tanınan M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Hazırda isə daha bir qalmaqallı cinayətlə əlaqələndirilir. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən “AZEL Azərbaycan Elektroniks” şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərəov həbsdən azad olmağı bacarıb.
OXŞAR XƏBƏRLƏR