Politoloq: “Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir”

Politoloq: “Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir”
SİYASƏT
11:56 18.09.2026
57
Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.

Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Maraqlıdır, Azərbaycanın TDT çərçivəsində bu istiqamətlərdə təşəbbüskar və aparıcı rolunun region və təşkilat üçün hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin TDT çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir:

"Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəcə iştirakçı dövlət deyil, təşkilatın gündəliyinin formalaşmasına töhfə verən, təşəbbüslər irəli sürən və qəbul etdiyi qərarların praktiki nəticəyə çevrilməsində maraqlı olan etibarlı tərəfdaş kimi çıxış etməsidir. Bu yanaşma türk dövlətləri arasında əməkdaşlığın simvolik müstəvidən çıxaraq institusional və strateji xarakter almasına xidmət edir. Azərbaycanın TDT çərçivəsində prioritetlərindən biri təşkilatın beynəlxalq nüfuzunun daha da artırılmasıdır. Türk dövlətlərinin potensialının beynəlxalq münasibətlər sistemində daha geniş şəkildə təqdim olunması TDT-nin qlobal proseslərdə fəal mövqe tutması və üzv dövlətlərin maraqlarının beynəlxalq platformalarda daha koordinasiyalı şəkildə ifadə olunması baxımından mühüm istiqamətdir".


Politoloq qeyd edib ki, enerji və nəqliyyat layihələri TDT çərçivəsində əməkdaşlığın ən konkret istiqamətlərindən biridir:

"Azərbaycanın enerji resursları, nəqliyyat infrastrukturu və coğrafi mövqeyi TDT məkanında iqtisadi əlaqələrin genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı türk dövlətlərini Avropa ilə Asiya arasında formalaşan yeni logistika arxitekturasında daha sıx şəkildə birləşdirir. Azərbaycan həm enerji, həm də tranzit imkanları baxımından burada mühüm bağlantı nöqtəsi kimi çıxış edir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi TDT üzvü olan ölkələr arasında ticarət əlaqələrinin və nəqliyyat imkanlarının artmasına, eyni zamanda regionun beynəlxalq logistika sistemində rolunun güclənməsinə şərait yarada bilər".

T.İsmayılov TDT daxilində ikitərəfli münasibətlərin dərinləşdirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Təşkilatın gücü yalnız çoxtərəfli formatlarda qəbul edilən qərarlarla deyil, üzv ölkələr arasında real iqtisadi, siyasi, humanitar və təhlükəsizlik əlaqələrinin genişlənməsi ilə ölçülür. Azərbaycanın türk dövlətləri ilə münasibətlərində son illərdə müşahidə olunan intensivlik göstərir ki, Bakı TDT-ni yalnız diplomatik platforma kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri TDT daxilində əməkdaşlığın daha konkret mexanizmlər üzərindən qurulmasına və təşkilatın institusional imkanlarının genişlənməsinə təsir göstərə bilər".

Politoloqun sözlərinə görə, təhlükəsizlik məsələləri də TDT-nin gələcək fəaliyyətində əsas istiqamətlərdən biri olacaq:

"Müasir dövrdə terrorizm, radikalizm, separatizm, transmilli cinayətkarlıq və informasiya təhlükəsizliyi kimi çağırışlar ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Buna görə də türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi həm regional sabitlik, həm də təşkilatın institusional imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə Azərbaycanın təcrübəsi və regional mövqeyi TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər".

T.İsmayılov Azərbaycanın TDT daxilində fəallığının ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olduğunu bildirib:

"Azərbaycan türk dünyası ilə münasibətləri digər regional və beynəlxalq tərəfdaşlıqlara alternativ kimi deyil, ölkənin xarici siyasət imkanlarını genişləndirən ayrıca strateji xətt kimi inkişaf etdirir. TDT də bu siyasətin mühüm platformalarından biridir. Nəticə etibarilə, Azərbaycanın təşəbbüskarlığı TDT daxilində siyasi koordinasiyanın güclənməsi, enerji və nəqliyyat əlaqələrinin genişlənməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi və təşkilatın beynəlxalq müstəvidə daha fəal mövqe tutması baxımından əhəmiyyətli nəticələr yarada bilər. Burada əsas məsələ siyasi bəyanatların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir".

Fəridə Əsədzadə
 

OXŞAR XƏBƏRLƏR