Politoloq: Son hadisələr Azərbaycan–Rusiya dialoqunu gücləndirə bilər

Politoloq: Son hadisələr Azərbaycan–Rusiya dialoqunu gücləndirə bilər
SİYASƏT
16:37 12.03.2026
192
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Liderlər həmçinin Yaxın Şərqdəki münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Politoloq Zaur Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, iki ölkə arasında uzun müddətdir gərginlik var:

"Azərbaycan və Rusiya arasında uzun müddətdir müəyyən gərginlik müşahidə olunurdu. Hazırda vəziyyətin necə inkişaf edəcəyini belə telefon danışıqları və görüşlər bu və ya digər şəkildə istiqamətləndirir. Məlumdur ki, İranda müharibə başladıqdan sonra Azərbaycan bir çox ölkələrin vətəndaşlarının, o cümlədən Rusiya vətəndaşlarının təxliyəsində aparıcı rol oynadı. Diplomatlar və mülki şəxslər də daxil olmaqla müxtəlif ölkələrin vətəndaşları məhz Azərbaycan vasitəsilə müharibə zonasını tərk edə bildilər. Son hadisələr Azərbaycan və Rusiya arasında bir çox istiqamətlər üzrə dialoqun intensivləşməsinə səbəb ola bilər. Nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, müxtəlif sahələrdə iqtisadi əlaqələrin genişlənməsi, xüsusilə enerji böhranı fonunda mümkün çıxış yollarının axtarılması, həmçinin siyasi dialoqun davam etdirilməsi mümkündür”.

O qeyd edib ki, İsrail-İran-ABŞ qarşıdurması Cənubi Qafqazdakı proseslərə də təsir göstərəcək:

"İsrail-İran-ABŞ arasında baş verən müharibə Cənubi Qafqazdakı proseslərə də təsir göstərəcək. Müharibənin həm gedişatı, həm də nəticələri Rusiya-Azərbaycan münasibətlərinə və Rusiyanın Cənubi Qafqaza yanaşmasına müəyyən dərəcədə təsir edə bilər”.

Politoloq bildirib ki, Azərbaycan həmişə münaqişənin sülh ilə həllinə üstünlük verib:

"Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritetlərdən biri həmişə, xüsusilə qonşu ölkələrlə mehriban və sabit münasibətlərin qorunub saxlanmasıdır. Məqsəd beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdirilməsidir. Əgər belə yanaşma Rusiya tərəfindən də nümayiş etdirilərsə, sözsüz ki, münasibətlərin istiləşməsinin şahidi ola bilərik. Lakin Azərbaycanın suverenliyi, müstəqilliyi və təhlükəsizliyi ilə bağlı hər hansı təhdidlər yaranarsa, bu, münasibətlərin inkişafına deyil, əksinə, eskalasiyasına səbəb ola bilər.

Ona görə də Azərbaycanla münasibətlərdə bu məqamları hər kəs nəzərə almalıdır. Hər bir dövlət başa düşməlidir ki, Azərbaycan regionda sabitləşdirici və tənzimləyici rol oynayan ölkədir. Ölkə kifayət qədər ciddi siyasi və iqtisadi resurslara, yaxşı beynəlxalq imicə və güclü tərəfdaşlara malikdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR