Polkovnik Təranə Məmmədova: “Bu yolda qadınlar kişilərdən heç də geridə qalmırlar”-MÜNASİBƏT

GƏNCLİK
23:10 24.10.2011
3325

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı Daxili Qoşunların Mətbuat Xidmətinin rəhbəri, polkovnik Təranə Məmmədovanın fikirlərini öyrənib. Təranə Məmmədova teatrın gənclərdə vətənpərvərlik ruhunun aşılanması üçün müstəsna rolu olacağını söyləyib: “Hər kəsi bu festivalın keçirilməsi münasibəti ilə təbrik edirəm. Hazırda, gənclərin vətənpərvərlik ruhunda böyüdülməsi üçün teatrın təsir qüvvəsi çox yüksəkdir. Bu gün bizə, vətənini sevən və ona hər daim xidmət etməyə hazır olan gənclər lazımdır. Təbii ki, vətəninə xidmət deyərkən mentalitetimizin tələblərinə uyğun olaraq biz kişiləri daha çox ön planda görürük. Ancaq, bu yolda qadınlar kişilərdən heç də geridə qalmırlar. Bu gün Azərbaycanda kifayət qədər hərbi xidmətdə zabit kimi qulluq edən xanımlarımız var. Bununla yanaşı qadınlara aid əlillər cəmiyyətləri də fəaliyyət göstərir. Buna görə düşünürəm ki, təkcə kişilər deyil xanımlarımızda bu yolda işlər görməli və Azərbaycanın adını hər zaman yüksəklərə qaldırmalıdır. Bir daha festivalın işinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR