Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
AZXEBER.COM xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.




















































