"Artıq ikinci dönəmdir, 7 ildir ki, millət vəkiliyəm. Sevincli hadisələrdən bəzən parlamentdə duyğusallaşdığım, gözlərimin dolduğu hadisələr olub. Amma bu günkü qədər olmamışdı. Qırğızıstan prezidenti Almazbek Atambayevin parlamentdəkı çıxışı zamanı zaman-zaman gözyaşlarımı saxlaya bilmədim. Özümü çox mutlu hiss edirdim. Çıxışının böyük bir hissəsini Azərbaycan Türkcəsində danışan Qırğızıstan prezidenti hər 2-3 cümləsindən bir alqışlandı. “Biz türkük, bizim atalarımız, babalarımız da türkdür”,"Bizim dilimiz? dinimiz, tariximiz və kökümüz birdir” - fikrini bir neçə dəfə vurğuladı. Türk kimliyi ilə qürur duyduğu, bizi doğurdan da özünə qardaş-bacı hiss etdiyini gözlərində görmək çətin deyildi. O, qədər səmimi danışırdı ki... Almazbek Atambayev deyirdi:" Tarix türk birliyi yaratmaq üçün şans verib və bundan istifadə etmək lazımdır." İlahi deyirdim özümə ölmədən bu günləri görmək mənə qismət oldu. O, deyirdi: “Qırğızıstan və Azərbaycanın yolu çox keşməkeşli və əziyyətli olub.Amma xalqımız tarix və adətlərimizi bu günə qədər yaşadıblar. Biz atalarımızın ruhuna uyğun, onların yolu ilə getmişik. Bizim atalarımız, babalarımız çox cəsur, azadlığı sevən insanlar olub. Onlar əsrlər boyu türk ruhunu qoruyaraq tarixi adətləri bu günə qədər yaşadıblar. Biz ata-babalarımızın dediklərinə əməl etməliyik”. Qırğızıstan prezidenti bu səfəri və açıqlamaları ilə Azərbaycan-Qırğızistan münasibətlərində yeni bir səhifə açdı".
AZXEBER.COM-un məlumatına görə, bu fikirləru millət vəkili Qənirə Paşayeva Facebook səhifəsində yazıb.