Prezident ödənişli yollarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ

SOSİAL
15:39 17.02.2025
250
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.

AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir:

"Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması

352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.

352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə - iki yüz manat məbləğində cərimə edilir".
OXŞAR XƏBƏRLƏR