Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Prezident əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilmiş, üç kompyuter sinfi yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş, foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Məktəbin foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli dövlət atributları asılıb.
Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış olub. Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulmuş, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunub.
Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış olub. Sonra prezident Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilib.
Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olub. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilib. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunub, təhsil ocağının girişində onun guşəsi yaradılıb. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.
Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.![]()