Prezident İlham Əliyev Ağdaş və Ucar rayonlarında səfərdə olub

Prezident İlham Əliyev Ağdaş və Ucar rayonlarında səfərdə olub
Bütün Xəbərlər
21:11 30.10.2011
1882
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağdaş və Ucar rayonlarında səfərdə olub. APA-nın xəbərinə görə, prezident Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Ölkə başçısı Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub.  Daha sonra prezident Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş–Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib. Prezident Ağdaşda mərkəzi rayon xəstəxanasının açılışında da iştirak edib. Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır. Bu gün ölkə başçısı Ucar rayonuna da səfər edib. Prezident ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Burda Heydər Əliyev Mərkəzi də inşa olunub. Prezident Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Prezident daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Daha sonar prezident İlham Əliyev Ucar rayonundakı şahmat məktəbinin açılışında iştirak edib. Prezident Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində də iştirak edib. Prezidentə məlumat verilib ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilib, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunub. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilib, Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaq. Şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcək. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcək. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaq. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR