Ağdaşda dövlət başçısının açılışını etdiyi Heydər Əliyev Mərkəzində VVAQ otağı yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri başlayıb.
Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənmiş, geniş yaşıllaşdırma işləri həyata keçirilib.
Ağdaşda səfərdə olan prezident İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzin yaradılması ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevə məlumat verilib ki, mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanıb. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilib. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilib.
Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilib. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək.
Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.