"Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır”.
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
AZXEBER.COM xəbər verir ki, tanışlıqdan sonra ölkə başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Prezident İlham Əliyev çıxışında vətəndaşların gələcək illərdə də sosial təminatının yaxşılaşdırılması istiqamətində işlərin görüləcəyini bildirib. Ölkə başçısı atılan bütün addımların sosial xarakter daşıdığını və bu addımların sosial ədaləti tərənnüm etdiyini qeyd edib:
"Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisinin qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edilmişdi.