Prezident İlham Əliyev Rumıniyanın “Şərəf diplomu” ilə təltif edilib
Bütün Xəbərlər
00:42 16.12.2011
1769
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun “Şərəf diplomu” ilə təltif olunub. Bu barədə Fondun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilib. Həmçinin bildirilib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, fondun hazırkı prezidenti Viktor Xmarin və vitse-prezidenti Yulian Fota da bu diploma layiq görülüblər. Tədbirdə Rumıniya tərəfinin təmsilçisi, fondun vitse-prezidenti, Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota qurumun fəaliyyətinin nəticələri haqqında danışıb. Hesabat dövründə fondun fəaliyyətində fəal iştirak etmiş Azərbaycanın müstəsna xidmətlərinə toxunan Y.Fota ölkəmizdə həyata keçirilən islahatlar və müşahidə olunan hərtərəfli inkişaf haqqında da məlumat verib. Fondun Azərbaycan tərəfindən vitse-prezidenti, qurumun baş katibi, ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov qısa müddət ərzində təşkilatın əldə etdiyi nailiyyətlərdən danışıb. Diplomat vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Fondun Qara və Xəzər dənizləri regionlarının yaxınlaşması və mədəni körpülərin qurulması, ölkələr arasında sülh, dialoq və dözümlülüyün təşviq olunmasında, eləcə də Avropa dəyərlərinə inteqrasiya yolunda həyata keçirilən müxtəlif layihələrin nəticələrindən bəhs edib. Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu və Rumıniyanın xarici işlər naziri Teodor Bakonski də Qara və Xəzər dənizləri regionları xalqları və ölkələri arasında əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə “Şərəf diplomu” ilə təltif ediliblər.