Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan–Amerika münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu bir faktdır ki, son illərdə dövlətlərarası əlaqələrlə yanaşı, iki ölkə arasında şəxsi etimada əsaslanan liderlər diplomatiyası formalaşıb. Prezidentlər arasında müxtəlif formatlarda davamlı təmaslar siyasi koordinasiyanın gücləndiyini göstərir.
Bu səfər isə ikitərəfli əlaqələrin daha da dərinləşdiyinin göstəricisidir. Vaşinqton-Bakı xəttində strateji dialoqun inkişafı Azərbaycanın regiondakı rolunu nümayiş etdirir və daha da möhkəmləndirir.
Səfər eyni zamanda Azərbaycan diplomatiyasının çevikliyini və prinsipial mövqeyini nümayiş etdirir. İlham Əliyevin irəli sürdüyü "5 prinsip” regionda sülhün əsas hüquqi bazası sayılır. Bu prinsiplər Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatıdır. Vaşinqton danışıqları yalnız Ermənistanla münasibətləri deyil, həm də beynəlxalq hüququn üstünlüyünü əhatə edəcək.
Prezidentin səfəri eyni zamanda regional gələcək üçün diplomatik konturların müəyyənləşdirilməsinə xidmət edir. Reallıq budur ki, Azərbaycan bölgədə sülh təşəbbüslərinin əsas aparıcı qüvvəsidir. Bu yanaşma hərbi deyil, hüquqi və diplomatik əsaslara söykənir. Bu baxımdan görüşün nəticələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirə bilər.
Şübhəsiz ki, Prezident İlham Əliyevin bu görüşdə tutacağı prinspial mövqe və strateji yanaşma tərəfdaş ölkələr tərəfindən diqqətlə izlənilir. Görüş zamanı Azərbaycan tərəfi öz prioritetlərini və regional sabitlik vizyonunu açıq şəkildə ortaya qoyacaq.
Vaşinqton görüşü çərçivəsində Azərbaycanla Ermənistan arasında sülhlə bağlı siyasi iradə ifadə edən bəyannamənin imzalanması ehtimalı da gündəmdədir. Belə bir sənədin qəbul olunması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmininə ciddi töhfə verə bilər. Bu razılaşma həm də iki ölkə arasında diplomatik münasibətlərin bərpası istiqamətində mühüm addım kimi tarixə düşə bilər.
Nəticə etibarilə, səfər Azərbaycan diplomatiyasının yeni strateji mərhələyə daxil olduğunu və ölkəmizin beynəlxalq münasibətlərdə artan çəkisini əyani şəkildə nümayiş etdirir.
Fərid Şahbazlı,
Siyasi şərhçi