Prezident və ailəsi otelin açılışında iştirak etdi (FOTO)

Prezident və ailəsi otelin açılışında iştirak etdi (FOTO)
Bütün Xəbərlər
05:47 03.07.2011
2149

Mərasimə toplaşanlar dövlətimizin başçısını, xanımını və ailə üzvlərini hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilən otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. “Gilan-İnşaat” MMC tərəfindən aparılan tikinti işləri 2008-ci ilin sentyabrında başlanıb, 2011-ci ilin mayında sona çatdırılıb.

Bildirilib ki, kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.

Kompleksin birinci mərhələsi – otel binasında yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına bildirilib ki, burada ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edəcək.

Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Prezident İlham Əliyev kollektivi təbrik edərək Bakıda dünya şöhrətli mehmanxanalar şəbəkəsi olan “Kempinski Hotel-Badamdar” kompleksinin açılmasını Azərbaycanın inkişafının göstəricisi olduğunu vurğulayıb. Bakının sürətlə inkişaf etdiyini, gözəlləşdiyini diqqətə çatdıran dövlətimizin başçısı sərmayədarların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqət və marağının artmasını sevindirici hal kimi qiymətləndirib.

Ölkəmizdə turizmin inkişafına böyük diqqət göstərildiyini bildirən Azərbaycan Prezidenti “Turizm ili” çərçivəsində beşulduzlu altı otelin açılacağını vurğulayaraq, bunun ölkəmizdə turizmin, xidmət sektorunun sürətli inkişafının göstərici olduğunu qeyd edib.

Avropa ölkələrindəki Kempinski otellər şəbəkəsinin prezidenti Canni van Daalen açılış mərasimində iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirərək ölkəmizlə qurulan münasibətlərin daha da inkişafına ümidvar olduğunu qeyd edib.

Sonra Prezident İlham Əliyev otel kompleksinin xatirə kitabına ürək sözlərini yazdı.

Otel kompleksinin kollektivi dövlətimizin başçısı və ailə üzvləri ilə xatirə şəkli çəkdirib.

Kompleksin mənzillər və ofislər binası ilə tanış olan Prezident İlham Əliyevə bildirilib ki, 14 mərtəbəli binada ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil var. Mənzillər hər bir ailənin yüksək səviyyədə istirahəti üçün bütün məişət avadanlığı ilə təchiz edilib. Bundan başqa, ziyafət, iclas-konsert zalları, görüş və ofis otaqları ən son texnologiyalarla təmin olunub.

“Kempinski Hotel-Badamdar” kompleksinin alış-veriş və əyləncə mərkəzinin üçmərtəbəli mağazalar sahəsi ən yüksək tələblərə cavab verir. Burada dövlətimizin başçısı kompleksin növbəti - dördüncü mərhələsində görüləcək işləri əks etdirən fotoşəkillərlə tanış olub.

Prezident İlham Əliyev və ailə üzvləri buz meydançasında idmançıların çıxışlarını izləyiblər.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib.

OXŞAR XƏBƏRLƏR