Prezident və xanımı Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar

Prezident və xanımı Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar
SOSİAL
17:29 20.08.2025
312
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.

Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Əliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zərbələrinə məruz qalmış yaşayış binalarının və keçmiş parkın yerləşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimərtəbəli muzey binası və sərgi zalı olacaq. Burada mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerləri ziyarətçilərə nümayiş etdiriləcək. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işləri aparılacaq, 700-ə yaxın ağac, 12 mindən çox dekorativ kol və güllər əkiləcək. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizə edən spiralvari kraterin dərinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın təşkili və ərazinin abadlaşdırılması işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.




OXŞAR XƏBƏRLƏR