Prezidentin mətbuat katibi 'Azadlıq' haqda düşünür
Bütün Xəbərlər
16:28 26.04.2012
1516
“Azadlıq” qəzeti iki gün öncə yazmışdı ki, prezident İlham Əliyevin 800 min dollar qiymətində qol saatı var. Bundan sonra prezidentin mətbuat xidməti açıqlama yaydı ki, əgər qəzet 3 gün ərzində yazılanları təkzib etməsə, həmçinin üzr istəməsə, məhkəməyə müraciət ediləcək. Prezident Administrasiyası (PA) tələbini yazının dərc olunduğu “Azadlıq”dan başqa ölkənin demək olar ki, bütün media orqanlarına göndərib. “Azadlıq”ın baş redaktor müavini Sucəddin Şərifov “Yeni Müsavat”a bildirib ki, prezidentin mətbuat xidmətinin açıqlamasını digər media resurslarından əldə ediblər. Bunun ardınca da qəzetin saytına məsələ ilə bağlı redaksiya adından açıqlama yerləşdirilib. S.Şərifov bildirdi ki, prezidentin mətbuat xidməti hər hansı aydınlaşdırıcı mətn göndərsə, qəzet onu dərc etməyə hazırdır: “Bu xəbəri ilk olaraq Vəfa Cəfərova öz bloquna yerləşdirmişdi, daha sonra məsələ sosial şəbəkələrdə müzakirə edilməyə başladı. Biz dəqiqləşdirmə üçün prezidentin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışdıq, ancaq nəticə əldə edə bilmədik. Əslində elə problemin kökü də dövlət orqanları ilə media arasında xəbərləşmənin düzgün qurulmaması ilə bağlıdır. Burada məhkəməlik bir məqam görmürəm”.Qəzetin açıqlamasından sonra “Azadlıq”ı məhkəməyə vermək qərarında dəyişiklik olub-olmadığını prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovdan soruşduq. A.Qasımov bildirdi ki, açıqlama haqqında heç bir bilgisi yoxdur. Qısa telefon söhbətimizi olduğu kimi təqdim edirik:- “Azadlıq” xəbərin qaynağını göstərib. Qəzetin məhkəməyə verilməsi qərarı dəyişməyib ki? - Sizə bununla bağlı heç bir açıqlama verə bilməyəcəyəm. Görək vəziyyətin gedişi necə olur.- Yaxın saatlarda məsələ ilə bağlı hər hansı açıqlama gözləniləndirmi?- Bu məsələ saatlarla, dəqiqələrlə hesablanmır ki...- Qəzetə 3 gün müddət verilib. Belə düşünmək olarmı ki, qərar qüvvəsində qalacaq?- Heç nə deyə bilməyəcəyəm. Gedişatı gözləyək.Aprelin 25-də informasiyanı bloqunda yerləşdirən Vəfa Cəfərova da məsələ ilə bağlı “Qafqazinfo” saytına açıqlama verib. V.Cəfərova bildirib ki, yazdıqlarına heç bir əlavəsi yoxdu: “Mən şəkillərə, videolara baxıb bu qənaətə gəlmişəm. Prezidentin mətbuat xidmətinin açıqlamasında İlham Əliyevin hansı saatını taxdığı haqqında heç bir məlumat yox idi”. Bloqçu Azərbaycanda şah və rəiyyət münasibətlərinin bitməsini istədiyini deyib: “Xalq və xalqa xidmət edən məmurlar arasında münasibət başlasın. Prezident Administrasiyasının və prezidentin jurnalistlərlə dialoqa başlamasını arzu edirəm”.Vəfa Cəfərova haqqında bir neçə kəlmə. V.Cəfərova 2007-2009-cu illərdə “Dalğa” Gənclər Hərəkatının sədri olub. Hərəkat hakimiyyətin xüsusən gənclərlə bağlı siyasətini ən sərt və orijinal formada tənqid edən birliklərdən biri kimi tanınıb. 2010-cu ildə Vəfa Cəfərova ailə quraraq Türkiyəyə köçüb. İndi isə Hollandiyada yaşayır.