Prezidentin son fərmanı kimlərə şamil olunacaq? – İqtisadçı şərhi

ÖZƏL
11:23 01.03.2019
4674
"Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmanın mahiyyətində vətəndaşların sosial rifah halının yüksəldilməsinə xidmət edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov söyləyib.

Onun sözlərinə görə, bu fərman 800 mindən artıq ölkə vətəndaşını öz əhatə dairəsinə alacaq: 

"Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, yəni qalığı ödəniləcək. Bundan yuxarı məbləğdə krediti olanların isə deyil. Yəni, 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürənlərin yox !.. Özü də "geri ödəniş" və yaxud kompensasiya milli valyuta, yəni manat şəklində ödəniləcək...  Kompensasiya bütün borcu olanlar üçün eyni cür deyil, 3 qaydada, yəni mexanizm əsasında həyata keçiriləcək. 2015-ci ilin fevralın 21-dək borc götürən şəxslərə 1 ABŞ dollarına 0,25 manat, həmin ilin fevralın 21-dən dekabrın 21-dək dövr ərzində götürənlərə isə 1 ABŞ dollarına 0,6 manat qaydasında və mexanizmində... Çünki inzibati metodla, yəni Mərkəzi Bank tərəfindən rəsmən edilməklə iki dəfə devalvasiya baş verib - 2015-ci ilin fevralın və dekabrın 21-i tarixlərində... Birincidə, 1 dollar 0,78 qəpikdən 1 manat 5 qəpiyə, ikincisində isə 1 manat 55 qəpiyə qalxıb. Hazırda isə məlum olduğu kimi qiymət 1 manat 70 qəpikdir”.

Fərmanın üstünlüklərini şərh edən ekspert bildirdi ki, devalvasiyalardan sonra yaranmış çətinliyə baxmayaraq, kredit borcunu ödəyib qutarmış vətəndaşlar da diqqətdən kənarda qalmayacaq: 

"İlk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının bağlanılmasına yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Yəni, devalvasiyalardan sonra yaranmış çətinliyə baxmayaraq, kredit borcunu ödəyib qutarmış vətəndaşlar da kompensasiyadan kənarda qalmayacaq, onlara da artıq ödədikləri vəsaitlərə görə bayaq qeyd etdiyim qayda və mexanizmlərə əsasən müvafiq vəsait geri qaytarılacaq. Bu, sözügedən sənədin çox mütərəqqi xarakter daşıdığının ən bariz nümunəsi və mühüm göstəricisidir”. 

"Prezidentin imzaladığı sözügedən fərman balansın qorunması və bütün tərəflərin hüquqlarını qorumaq və təmin etmək baxımından, çox mükəmməldir” deyən P.Heydərov qeyd etdi ki, bu problemi kreditləri olan şəxslərin əksəriyyətini əhatə edəcək:

"Təsadüfi deyil ki, hər bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq. Fərmanla fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğində güzəştli kredit vəsait veriləcək. Özü də bu proses dövlət zəmanəti ilə təmin edilmiş şəkildə. Həyata keçiriləcək. Bütövlükdə problemli kreditlərin məbləği 1 milyard 600 milyon manat ətrafındadır. Bunun da ABŞ dollarıyla olanının həcmi 811 milyon manat təşkil edir”. 

İqtisadçı ekspert söylədi ki, vətəndaşlar süründüməçilikdən də uzaq olacaqlar: 

"Üstəlik, kompensasiyaların yuxarıda qeyd etdiyim qayda və mexanizm çərçivəsində ödənişi nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş şəkildə, illik faiz dərəcəsi 0,5 % olmaqla qiymətli kağızların veriləcək. Yəni, həm vətəndaşların hüquqları qorunmaqla, onların arasında ayrı-seçkiliyə yol verilməyəcək, həm də bankların iqtisadi mənafeləri müdafiyə ediləcək. Sözün qısası, borcunu ödəyib qutarmış vətəndaşlar artıq ödədikləri vəsaiti geri alacaq, digərləri isə indiyədək ödədiklərini geri ala bilməklə yanaşı, ödəyə bilmədiklərinə görə üzləşdikləri və cərimə kimi verdikləri məbləğlər sarıdan çətinlik və sədlərdən də xilas olunacaqlar”.

// Günel Hüseynli
 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR