Kədərli xəbər almaq və ya həyatı dəyişdirən hadisə yaşamaq insanların emosional reaksiyalarına fərqli şəkildə təsir göstərir. Bəziləri hisslərini dərhal bölüşərək rahatlamağa çalışdığı halda, digərləri telefon zənglərinə cavab vermir, mesajlardan uzaq durur və özünə qapanır. Psixoloqlar bildirirlər ki, bu davranış laqeydlik deyil, beynin güclü emosional yükə verdiyi təbii reaksiyalardan biridir.
Mütəxəssislərin sözlərinə görə, gözlənilməz və sarsıdıcı hadisələr zamanı beynin təhlükəni qiymətləndirən hissəsi olan amigdala sürətlə aktivləşir. Bu proses zamanı məntiqli düşünmə, qərarvermə və danışığın planlaşdırılmasına cavabdeh olan prefrontal korteksin fəaliyyəti müvəqqəti olaraq zəifləyə bilər. Nəticədə insan yaşadığı hissləri sözlə ifadə etməkdə çətinlik çəkir.
Psixologiyada bu vəziyyət "emosional geriçəkilmə" adlandırılır. Mütəxəssislər bildirirlər ki, böyük məyusluq, yas və ya travmatik hadisədən sonra sosial münasibətlərin azalması insanın ətrafdakılardan uzaqlaşmaq istəməsi deyil, yaşadığı hissləri əvvəlcə öz daxilində anlamağa çalışması ilə bağlıdır.
Psixoloqlar qeyd edirlər ki, kədər, stress və təəccüb hissləri eyni vaxtda yaşandıqda beyin bu emosiyaları emal etməkdə çətinlik çəkir. Bu səbəbdən bir çox insan hisslərini ifadə edə bilmir. Onların fikrincə, danışmamaq duyğusuzluq deyil, əksinə, emosiyaların həddindən artıq güclü olmasının göstəricisi ola bilər.
Araşdırmalara əsasən, güclü stress yalnız zehni deyil, bədəni də yorur. Stress hormonu olan kortizolun səviyyəsinin yüksəlməsi nəticəsində söhbət etmək, mesajlaşmaq və ya sosial mühitdə olmaq insandan daha çox enerji tələb edir. Buna görə də bir çox insan belə dövrlərdə tək qalmağa üstünlük verir.
Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, kədərli hadisədən sonra qısa müddətli susqunluq və özünə qapanma normal hesab olunsa da, bu vəziyyət həftələrlə davam edərsə və insanın gündəlik həyatına, işinə və münasibətlərinə mənfi təsir göstərərsə, peşəkar psixoloji dəstək almaq vacibdir. Çünki emosiyaların uzun müddət boğulması narahatlıq və depressiya riskini artıra bilər.
/Demokrat.az











































