Putinin Azərbaycan səfərindən gözləntilər nədir? - Politoloq rəyi

SİYASƏT
13:40 30.07.2013
2113

Avqustun ikinci ongünlüyündə baş tutması gözlənilən Rusiya və Azərbaycan prezidentlərinin görüşündən gözləntilər böyükdür. Artıq görüşlə bağlı hazırlıq işlərinə başlanılıb. 

Səfərdə iki ölkə arasında əməkdaşlığın gələcək konturları müəyyən edilməklə yanaşı, SOCAR ilə “Rosneft” arasında da əməkdaşlıq sazişi imzalanacağı gözlənilir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Mühüm səfər ilə əlaqəli olaraq politoloqların fikirlərini öyrəndik. 

AZXEBER.COM-a açıqlama verən politoloq Qabil Hüseyn Rusiya Federasiyasının Prezidentinin Azərbaycana səfərini müsbət qiymətləndirib: “Məncə, bu görüşün miqyası böyük olduğundan real vəziyyətlərin sonluq olaraq necə nəticələnəcəyi haqda danışmaq hələ ki tezdir. Çünki hər iki ölkə arasında geosiyasi anlaşılmazlıq, enerji məsələlərində müəyyən fikir ayrılıqları var. Hətta vəziyyət o yerə çatıb ki, Rusiya prezident seçkiləri mövzusunda da fikirlər səsləndirməyə başlayıb. Belə bir məqamda 100%-lik proqnoz vermək mümkün deyil. Qarşılıqlı anlaşmanın olub-olmayacağı isə danışıqların gedişindən asılıdır. Rusiya prezidentinin Bakıya səfəri ən azından onun göstəricisidir ki, iki ölkə arasında müəyyən problemlər yoluna qoyula bilib. Və bu görüş bir daha sübut edir ki, iki ölkə arasında olan mövcud problemlər həllini tapdıqdan sonra yenidən tərəfdaşlıq prinsipləri davam etdirilə bilər”.

Politoloq Zərdüşt Əlizadə isə AZXEBER.COM-a açıqlamasında Rusiyanın yaratdığı gərginliyin bütün səbəblərinin sırf maddiyyat ilə əlaqələli olduğunu bildirdi. Onun sözlərinə görə bütün bu məqsədlər əldə edildikdən sonra iki ölkə arasında münasibətlər sabitləşə bilər: “Rusiya ilə Azərbaycan arasında baş verən gərginliyin yeganə səbəbi maddi maraqlardan ibarətdir. Müəyyən məqsədlər üçün gərginlik yaradıldı və həmin istədiklərini əldə etdikdən sonra indi Rusiya prezidenti Bakıya səfər edir. Rusiyanın əsas məqsədi yalnız maddi maraqlardır. Azərbaycan isə onların maraqlarını qarşılamağı seçir. Bu baxımdan da iki ölkə arasında münasibətlərin normallaşması təccüblü deyil.

Qeyd edək ki, hər iki ölkə arasında neft-qaz sahəsindəki əməkdaşlığın bütün mümkün variantlarına baxılır. Səfər haqqında dəqiq tarix açıqlanmasa da, diplomatik mənbələrdən görüşün avqustun 12-13-nə təyin ediləcəyi bildirilib.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR