"Putinin Azərbaycanla bağlı fikirlərində səmimiyyət axtarmamalıyıq" - Deputat

"Putinin Azərbaycanla bağlı fikirlərində səmimiyyət axtarmamalıyıq" - Deputat
SİYASƏT
15:18 04.09.2025
282
"Rusiya-Azərbaycan münasibətləri həmişə enişli-yoxuşlu olub. 1990-cı illərin əvvəllərindəki Rusiya, 2000-ci illərdəki Rusiya və ən nəhayət bir qədər sonrakı mərhələdə fərqli bir Rusiya mövqeyi olub. Rusiya-Azərbaycan münasibətləri heç vaxt hamar, düz xətlə inkişaf edən dinamik münasibətlər olmayıb. Amma nəticədə həmişə öz təbii məcrasından dönüb, nə qədər gərginlik olsa da, iki qonşu ölkənin münasibətləri uzun müddət gərgin qala bilməz".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
O, Putinin Çindən döndükdən sonra Azərbaycanla bağlı dedikləri fikirlərə toxunaraq bildirib:
 
"Rusiya-Azərbaycan münasibətlərində olan gərginlik həmişə Rusiya tərəfinin qeyri-adekvat davranışları nəticəsində meydana çıxıb. Çünki əksər hallarda Rusiya münasibətlərdə özünü diqtə edən tərəf kimi görür, öz eqosundan çıxış edir. Bunu isə artıq Azərbaycan qəbul etmir. Elə sonuncu gərginləşmə də belədir. Azərbaycana məxsus təyyərənin, Rusiya hava məkanında vurulması və bunun etiraf edilməməsi, tam əksinə bu cinayətin ört-basdır edilməsi cəhdləri Rusiya-Azərbaycan münasibətlərini bir qədər gərginləşdirib. Lakin, əlbəttə ki, bu münasibətlər yaxşılaşmalıdır, ya da yaxşılaşmağa məhkumdur. Nəticə etibarilə nə Rusiya Azərbaycanı qonşu ölkə kimi görməzdən gələ bilər, nə də Azərbaycan Rusiyanı qonşu ölkə kimi görməzdən gələ bilər. Yetər ki, bərabərhüquqlu tərəfdaşlıq üçün adekvat baxışlar və davranışlar olsun. Bunlar olarsa, mənə elə gələr ki, Rusiya-Azərbaycan münasibətlərinin geniş, dərin perspektivi var və bu gündə öz həllini gözləyən çox aktual məsələlər var".
 
Deputat qeyd edib ki, Putin Azərbaycanla bağlı "təməl maraqlar bu prosesi arxada qoya bilər" deyərkən münasibətlərdəki reallığı etiraf edib:
 
"Rusiya, əlbəttə ki, ətrafda olan qonşu ölkələrin hamısıyla düşmən olmamalıdır və Azərbaycanın coğrafi mövqeyi, yaratdığı kommunikasiyalar Rusiya üçün də yeni imkanlar yaradır. Ona görə də Putin deyəndə ki, təməl maraqlar bu prosesi arxada qoya biləcək, mənə elə gələr ki, bu, reallığın etirafıdır və burada biz əlbəttə ki, səmimiyyət axtarmamalıyıq, yəni burada hansısa bir oyundan danışmaq bir qədər qeyri-ciddi olar. Çünki doğrudan da Rusiyanın Azərbaycana ehtiyacı var, elə Azərbaycanın da Rusiyaya ehtiyacı var. Bu, çox sadə bir siyasi-iqtisadi formuladır və hər kəsin gözü ilə görə biləcəyi reallıqlardır".
 
Qeyd edək ki, Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfrasında Azərbaycanla münasibətlərin vəziyyətindən danışıb. O, inanır ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə soyuqluq müşahidə olunsa da, tezliklə düzələcək.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR