‘Putinin Bakı səfərindən sonra Azərbaycana təzyiqlər başladı’ - Zahid Oruc

‘Putinin Bakı səfərindən sonra Azərbaycana təzyiqlər başladı’ -  Zahid Oruc
SİYASƏT
16:40 25.10.2013
1910

“Nə olursa olsun, Azərbaycan Avropaya inteqrasiya prosesini dayandırmayacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Zahid Oruc Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə layihəsinə münasibət bildirərkən belə deyib.

“Avropa Parlamenti sonuncu müzakirələri əvvəlkindən daha fərqli bir tərzdə keçirildi. Mən yaxşı xatırlayıram ki, bundan öncə bu cür toplantılar əsasən işğalçı Ermənistanı müdafiə xarakterli keçirildi. 1993, 1994, 1995-ci illərdə bu qurumun qərarları Ermənistanı işğala stimullaşdırırdı və regiondakı hazırki gərginliyin yaranmasına şərait yaradırdı. Əgər o illər ərzində Avropa ölkələri müəyyən sanksiyalarla, iqtisadi təzyiqlərlə Ermənistanın üzərinə getsəydilər o zaman bu gün region ölkələrin hamısı inkişaf edərdi və Azərbaycanın ərazi bütövlüyü tam qorunardı. İndi isə, Avropa Parlamenti hiyləgər bir formada Azərbayca qarşı siyasət işlədir. Onlar bir tərəfdən Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarından çıxmağa səsləyərək özlərini ədalətli göstərir, digər tərəfdən isə Azərbaycandakı seçkilərin obyektivliyini şübhə altına alaraq Azərbaycana təzyiq edir”.

Millət vəkili Avropa ölkələrinin Azərbaycana qarşı olan münasibətinin Rusiya prezidenti Vladimir Putinin sonuncu səfərindən sonra dəyişdiyini söyləyib:

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Avropa ölkələrinin Azərbaycana olan münasibəti kəskin dəyişdi. Yadınızdadırsa, bu səfərdən öncə Qərb ölkələri Azərbaycanla münasibətləri yüksək səviyyədə idi. Ancaq Putinin Bakı səfərindən sonra Azərbaycana təzyiqlər başladı. Onlar unudurlar ki, Azərbaycan öz qonşuları ilə hər zaman dostluq münasibətlərində olub. Mən əminəm ki, yaxın günlərdə Avropa ölkələrinin rəhbərləri cənab prezidentlə görüşəcək və münasibətlər öz qaydasında davam edəcək. Çünki nə olursa olsun, Azərbaycan Avropaya inteqrasiya prosesini dayandırmayacaq”.

Xatırladaq ki, oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR