Qadın qəlbinin istəkləri - ŞEİR

Qadın qəlbinin istəkləri - ŞEİR
KÖŞƏ
00:11 08.03.2012
2699

SədaqətƏhmədova Uğrumda canını verərdinmi sən

Keçmişin fədakar cəngavəritək?

Bəzən bunu elə istəyir ürək!

Elə istəyir ki, sevdiyi insan

Göydən ulduzu da qopara bilsin,

Alıb sevdiyini qolları üstə

Hər dərddən-bəladan qurtara bilsin!

Söykənəsən ona – sərt qaya kimi,

İnanasan ona – bir büt sayaraq!

Ən ümidsiz halda,

Mələklər sayaq,

Özünü yetirsin sənə bir anda,

Qoymasın tək-tənha çətin zamanda!..

Ehh, belə bir insan varmı, görəsən –

Səndən olmayanı istəyirəm mən...

 

2

Hər şeyi birgə yaşadıq –

Cəzasını çəkirəm tək!

Budurmu bərabərlik, azadlıq?

Mən nə daşam,

Nə də mələk...

Səninlə çox çətindir,

Sənsiz daha çətin...

Yəqin

Bu da bir üzüdür

Məhəbbətin –

Unudulmaq

Və unudanı sevmək...

 

3

Birləşə bilmiriksə,

ayrılaqmı, deyirsən?

Hərəmiz bir tərəfdə

tənhalığın boynuna

sarılaqmı, deyirsən?

Qaçaqmı

duyğuların əzablı enişləri,

şirin yoxuşlarından?

Qorxaqmı

tənələrdən,

doğma, yad insanların

acı baxışlarından?

Budurmu sənin dərdin?

Sevgin bu qədər gücsüz,

bu qədər acizdirsə,

Daha niyə sevirdin?!.

 

4

Demirəm, Fərhadtək ol dağyaranım,

Demirəm, Məcnuntək sevənlər də var!

Uğrunda alışıb Şamtək yananı

Bir Pərvanə qədər sevsən də olar...

 

Durur hər təməldə daşı Sevginin,

Tarixlə başlanır yaşı Sevginin!

Bu köhnə dünyada naşı sevgimin

Qədrini azacıq bilsən də olar...

 

Hər vaxt anılsa da böyük sevgilər,

Sevmək xoş deyildir sevilmək qədər!

Demirəm, yüz kərə iltifat göstər –

Bircə yol“Sevirəm!”desən də olar...

 

5

Qadın nə istəyir –

Bir az məhəbbət,

Ağır zəhmətinə

Bir azca hörmət,

Bir az dolanışıq,

Bir az da diqqət,

Azacıq nəvaziş,

Bir də sədaqət...

Hər şeyin azını

İstəyirik biz –

Onun da çoxuna

Çatmır əlimiz...

OXŞAR XƏBƏRLƏR