Qadınları seçkilərdə fəal iştiraka çağıran tədbir keçirildi

Qadınları seçkilərdə fəal iştiraka çağıran tədbir keçirildi
Bütün Xəbərlər
22:19 07.09.2013
925
Qarşıdan gələn prezident seçkilərində qadınların fəal iştirakına çağıran “Qadınlar və seçkilər” koalisiyası “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda keçirdib.
Teleqraf.com-un verdiyi xəbərə görə, Xaçmaz Mədəniyyət Evində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Quba Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti Aybəniz Haşımova, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva və mərkəzin ekspertləri, “Sahibkar qadınlar” İB-nin sədri Zemfira Ağayeva iştirak ediblər. Çıxış edənlər qadınları fəal vətəndaş mövqeyi nümayiş etdirərək 9 Oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimovanınsözlərinə görə, xaçmazlı qadınlar hər zaman ictimai işlərdə fəallıq göstəriblər. Xaçmazın 167 min əhalisinin 50 faizini təşkil edən qadınlar nəinki seçici kimi, hətta namizəd kimi seçkilərdə iştirak edirlər. Xaçmaz Bələdiyyə üzvlərinin 31 %-ni qadınlar təşkil edir ki, bu da ümumrespublika üzrə olan 26 %-lik göstəricidən yüksəkdir. Qadınlar Xaçmaz təhsil sistemində 68%, səhiyyə və mədəniyyət sahəsində isə 70 % təşkil edirlər.
Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyevanınsözlərinə görə, mütərəqqi haldır ki, şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan müstəqillik əldə edəndən sonra qadınlar demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edərək azad şəkildə öz iradələrini ifadə ediblər. Azərbaycanda qadın nazirlər, icra hakimiyyəti başçısı olub.
“Qadınlar və seçkilər” koalisiyasının eksperti Fainə Hənifəyevaisə qadınların seçki hüququndan danışaraq bildirib ki, qadınlar hər zaman indiki kimi rahat səsvermədə iştirak edə bilməyib. Tarixdən misal çəkən məruzəçi 19-cu əsrdə yaradılan sufrajistlər hərəkatını xatırladıb. Onun sözlərinə görə, qadınlara seçki hüququ tələb edən bu hərəkatın üzvləri təzyiqlərə məruz qalıblar, döyülüb, dəlixanaya salınıblar, Olimpiya de Quj kimi Fransada həyatına gilyotində son qoyulan mübariz qadınlar olub. Amma onların “Bir qadın – bir səs” tələbli mübarizəsi uğurla nəticələnib və indi qadınlar öz səsləri ilə seçkinin nəticələrinə ciddi təsir edə bilirlər. Ekspert 2012-ci il ABŞ prezident seçkilərini xatırladaraq qeyd edib ki, Barak Obamaya səs verənlərin 55%-i qadınlar idi və o zaman mətbuat qadınların Obamanı təkrar seçdiyini bildirib.
“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayevaisə Azərbaycanda qadın sahibkarlara yaradılan şəraitdən danışaraq qeyd edib ki, əvvəllər qadınlar əsasən xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdularsa, indi böyük holdinqlərə rəhbərlik edirlər. Günü-gündən daha çox qadının iqtisadi cəhətdən müstəqil fəaliyyət göstərdiyi müşahidə edilir.
OXŞAR XƏBƏRLƏR