Qan Turalı "Fahişə siqareti"ndən yazır

KÖŞƏ
18:45 03.03.2011
2411

Nəyə görə məhz bu stansiyadan çıxdığımı bilirdim amma.
Axşam düşəndə buralar çox xoşuma gəlir.
Xüsusilə də vağzal.
Gəlib gedən qatarlar, adamlar...
Metronun qarşısında dayanıb siqaret yandırdım.
Bir qız gəldi yanıma.
Mənimlə yaşıd olardı.
26 yaşım var, bu arada qeyd edək.
“Siqaret olarmı” dedi.
Qutunun ağzını açıb, ona uzatdım, bir siqaret götürdü.
Siqaretini yandırdım.
Təşəkkür edib getdi.
Şəhərin mərkəzində, adamların arasında bir qızın məndən siqaret etməsi çox xoşuma gəldi.
“Azad ruh budur” dedim.
Amma bu azad ruhun imtahanlar verəcəyini də düşünürdüm.
Budur, qız məndən 20 addım uzaqlaşmamış 3 oğlan ona yaxınlaşdı, danışıqlarını eşitməsəm də ona söz atdıqlarını hiss etdim.
Bu söz atmaq işi o qədər murdarcasına bir işdir ki.
Adam kişi olmağından, o gədələrlə eyni cinsə mənsub olmaqdan utanır.
Amma o gədələrin yaşadığı məmləkətdə şəhərin mərkəzində siqaret çəkən bir qadının varlığı axşam alatoranında ümid verirdi mənə.
Söhbət siqaret çəkməkdə deyil, siqaret ziyandır sağlamlığa.
Söhbət ictimai normanın ziddinə getmək cəsarətindədir, söhbət ürəyin istəyən kimi yaşamaqdadır, söhbət azad olduğunu nümayiş etdirməkdədir.
Metronun qarşısında darıxdım.
Cəfər Cabbarlı heykəlinə tərəf getdim, sonra da ara küçələrə daldım.
Tək başına bir pivə içmək istəyirdim.
Kafeyə çatanda gördüm ki, bayaq məndən siqaret alan qız kafe ilə üzbəüz bara düşür.
Sevincim yerə düşüb çilik-çilik oldu.
Mən azad bir qadına siqaret verdiyimi düşünürdüm.
Məgərsə fahişə imiş.
Fahişə azad deyilmi ki?
Məncə yox, çünki pulun qarşılığında başqasına seksual xidmət təklif edən adam azad ola bilməz.
“Cəmiyyət bu qulları kimdən satın alır? Səfalətdən.
Aclıqdan, soyuqdan, yalqızlıqdan, kimsəsizlikdən, ehtiyacdan satın alır. Bu olduqca kədərli bir alverdir. İnsan qəlbi bir parça çörəyə satılır. Səfalət təklif, cəmiyyət isə bu təklifi qəbul edir.
Deyirlər ki, köləlik Avropa mədəniyyəti sayəsində yox olmuşdur. Bu səhv fikirdir. Köləlik hələ də mövcuddur, lakin onun ağırlığı indi yalnız qadınların üzərinə düşür ki, buna da fahişəlik deyirlər”.
Bu sözləri Viktor Hüqo “Səfillər” romanında yazmışdı.
Kölə deyir fahişəyə Hüqo.
Kölələrin isə siqaret çəkmə azadlığı olsa belə bir çox azadlıqları, misal üçün, ağalarını seçmə azadlığı olmur.

QAN TURALI, lent.az









 

OXŞAR XƏBƏRLƏR