"Qapalı məkanda maskanı qətiyyən ləğv etmək olmaz" - Deputat

SOSİAL
15:02 29.03.2022
1430
"Toylarla bağlı qərarın verilməsində məhdudiyyət məsələsi yenə də olmalı idi. Çünki insanlar daha böyük həcmdə, çoxsaylı insanın iştirakı ilə məclis keçirməklə yenə də yoluxma riskini yaradacaqlar”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, qeyd edib ki, toy və yaslarda bəzi məhdudlaşdırıcı tədbirlər olmalıdır:

"Yaslarla bağlı da mütləq məhdudlaşdırıcı qərar olmalı idi. Ümumiyyətlə, yas yerlərində yemək verilməsi qadağan olunmalı idi və iştirakla bağlı da konkret rəqəm göstərilməli idi. Məsələn, say 300 nəfəri keçməsin. Bizim cəmiyyətdə insanların özünü tənzimləmə və faydasına olanı həyata keçirmə ənənəsi çox zəifdir. Baxırsan ki, sanki pandemiya insanların dünyagörüşündə, düşüncəsində heç nəyi dəyişmədi. Gördülər ki, sadə qaydada yasını keçirə bilər, amma yenə də təmtəraqa qayıtdılar, yenə də şöhrətpərəst adətə rəvac verdilər. Yoxsulu da, varlısı da. İsrafçılıq yenə də pik həddə çıxmağa başladı. Bununla da yasda saatlarla vaxt itirmə ənənəsi də yenə başladı. Bu, olduqca ciddi bir "xəstəlik”dir.

Deputat təmtəraqla keçirilən yaslarda bağlı kəskin narazılığını bildirib.

"Azərbaycan cəmiyyətində mütləq pandemiyadan sonrakı dövrü ən azı insanların islahedici bir xarakterini qoruyub saxlamaq lazım idi. Maarifçiliyin inkişaf etdiyi cəmiyyətlərdə qadağanı sevmirlər. Bizdə maarifçilik aşağı olduğu üçün qadağasız heç nəyi yola vermək mümkün deyil. Nə qədər desək də, bu qadağalar nədir, fərqli bir şeylər olmalıdır, amma məsələn, yasları keçirməyi qadağan etmişdilər, icazə verdilər, indi gedin mərasim evlərində təmtəraqa, cah-calala baxın. Nə veclərinədir ki, bu insan kasıbdır, bu insanın yüz problemi var. Amma gedir 300 kiloqram ət alır, nə var ki, qonaqları yola verməlidir. Nə qonaq, yasda qonaq olar? Yasda insanın dərdinə şərik olmağa gələn insan var. Gəlib çörək də yeməsə, çay da içməsə, başsağlığı verib gedir. Telefonla başsağlığı verir.
 
İnsanları bu qədər əziyyətə salmağın nə mənası var? Ona görə də, şöhrətpərəst, dini bilməyən, saxta dünyagörüşə sahib olan çoxluğun əziyyətini bütün cəmiyyət çəkir. Biz islah olunmalıyıq. Mən hesab edirəm ki, yaslara təcili məhdudiyyət qoymaq lazımdır. Eyni vaxtda toyda, yasda zalda 300 nəfərdən artıq şəxs olmasın. İnsanları da maarifləndirmək lazımdır ki, yasda yemək olmasın, sadə şəkildə keçirilsin. Necə ki, pandemiya dövründə elə keçirilirdi. İzah etmək olmur ki, çay içmək də ehsandır, gəlmək özü ehsandır, salam özü ehsandır, başsağlığı vermək ehsandır. İnsanlar elə bilir ki, ehsan elə düyü formasında olur. Sanki düyü görünməsə, ehsan görünmür. İnsanların təfəkküründə düyü bəzən Quranı da üstələyə bilir. Sanki ən müqəddəs şey o bişmiş düyüdür. 

Eyi zamanda toylarda da bu qədər məsrəf, israfçılığa nə ehtiyac var? Nə qədər 10 növ yemək yemək olar? 3-4 saata iki cür yemək yeyərlər, 50 yemək yığmazlar stolun üstünə. Bu məsələlər Azərbaycanda mütləq qadağa ilə olmalıdır”. 

Fazil Mustafa qeyd edib ki, insanların cahilliyini görən mollalar dindən qeyd edilməyən üsullara əl atırlar:

"Yaxud bir-iki il qabaq vəfat etmiş insana ayrıca xüsusi mərasimlərin keçirilməsinin nə mənası var? İnsan dünyasını dəyişib deyə hökmən hansısa formada göstərməlisən? Bu, şəriətdə yox, İslamda yox. Təsəvvür edin, ölkədə nə qədər savadsızlıq hökm sürür ki, qəbirdə kəfənə qan bulaşıb deyə, molla onu yenidən yumağa göndərir, insanları 3-4 saat əziyyət verir. Hansı cəmiyyət olsa idi, bu cür mollanı elə orda təpiyin altına salıb, mollanın özünü qəbirə atardılar. Amma burada heç kim dini bilmədiyinə görə, heç kim söz demir. Bu, hansı qanunda, hansı şəriətdə var? Meyiti niyə təzədən yumalısan? Baxır ki, heç kim buna nəsə demir, heç kim dini bilmir, ona görə bunu edir”. 

Deputat həmçinin Operativ Qərargahın qərarları düzgün vermədiyini vurğulayıb:

"Operativ Qərargah da öz funksiyasını lazımi səviyyədə yerinə yetirmir. Öz fəaliyyətini biznesə çevirib. Məsələn, turizmlə bağlı məsələlərdə biz görürük ki, Operativ Qərargah məsələyə biznes qurumu kimi yanaşır. Kiminsə faydasına qərar vermək istəyirsə, o cür verir. Turizmin inkişafına mane olan Operativ Qərargahdır. Sən niyə Rusiyadan gələnlərin yolunu bağlamısan, adını da qoymusan karantin rejimidir. Bəs bu sənin vətəndaşın deyil? Harada ağılsız, məntiqsiz, vətəndaşa ziyan vurar qərar varsa, o qərarları hər dəqiqə qəbul edə bilərlər. Amma şadlıq evləri, mərasim evləri özlərinin olduğuna görə, bunlara icazə verirlər. Bu məsələləri işıqlandırmala həm cəmiyyəti maarifləndirmək, həm də o qərar qəbul edənləri ağıllandırmaq lazımdır”. 

Fazil Mustafa onu da qeyd edib ki, qapalı məkanlarda maska rejimini ləğv etmək lazım deyil:

"İndi qapalı məkanda maskanı qətiyyən ləğv etmək olmaz. İnsanlar başqalarını yoluxdurmasın. Məsuliyyətsiz insandır, çıxır niyə başqasını xəstələndirməlidir? Maskanı taxsın. COVİD pasportu xarici ölkələrdə tələb olunduğu üçün bu məsələ həllinin tapmalıdır. İndi ölkə daxilində buna çox əhəmiyyət verilmir, amma xaricdə bu varsa, demək bu sənəd olmalıdır ki, bir yerə gedib-gələ biləsən. Orada ləğv olunsa, bizdə də ləğv olunmalıdır”. 
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR