Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, fevralın 18-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.