Süngülər üzərində hakimiyyətə gəlmək olar, amma həmin süngülərin üzərində uzun müddət oturmaq mümkün olmadığı kimi, kütləni də yalanla illər boyu bəsləmək mümkün deyil.
Ermənilər bunu indi anlayırlar. Çox gec olsa da, belədir, amma onlar yanlışlıqlarını etiraf etmək, bəlalara düçar etdikəri insanlara həqiqəti söyləmək niyyətində deyillər.Dağlıq Qarabağdakı separatçı rejim də artıq fiasko astanasındadır və bunu Yerevandakı mediadan tutmuş, siyasətçilər də etiraf etməyə başlayıblar.
Problemlər çoxdur və onlardan biri də sosial ödənişlər, maaşlar, təqaüdlərlə bağlıdır.
Yay başa çatır, amma Dağlıq Qarabağda minlərlə yerli erməni dilənçi payı məbləğində olası maaşlarını və daha kiçik "həcm"dəki təqaüdlərini almayıblar.
Xankəndidəki separatçı rejim "çox ciddi iqtisadi uğurlar və maliyyə yüksəlişi"ndən danışsa da, qarabağlı ermənilər arasında ən çox maaş alan ayda 200 dollar ala bilir. Orta statistik maaş 80 dollara ekvivalentdir.
Qarabağlı ermənilər arasında ən acınacaqlı vəziyyət müəllimlərin yaşamıdır. Onlar artıq avqustun 5-də işə çıxmalıdırlar. Amma fevral ayının maaşlarını belə, almayıblar.
Qəzəblənmiş müəllimlər hər gün Xankəndidə "hökumət evi"nin qarşısına yığışır, sonra meriya binasının önünə yollanır, maaşlarını tələb edirlər.
Eşitdikləri cavab dəyişmir: "Yerevandan pul göndərilməyib, subsidiyalar yoxdur, dözün, gözləyin".Xankəndidəki "azad və demokratik media" isə yaşananlardan bəhs etmir.
Daha doğrusu, etmək istəmir və edə bilmir. Prinsip etibarilə problemdən danışası, bəhs edəsi sayt, qəzet, telekanal, radiostansiya yoxdur.
Açıq sözü, həqiqəti deyən jurnalistlər Dağlıq Qarabağda çoxdan məhv olunub. Yerdə qalanlar isə "bəlli" səbəblərdən gerçəkdən danışmaq istəmirlər.
Vəziyyət o qədər ağırdır ki, Yerevanda iqtidarda olan Ermənistan Respublika Partiyasının Dağlıq Qarabağ təşkilatının rəhbərləri və mənsubları belə susa bilmədilər, Xankəndidəki rejimi büdcə vəsaitini hara gəldi xərcləməkdə suçladılar.
"Büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi" ifadəsi normal dilə çevriləndə genişmiqyaslı oğurluq, mənimsəmə və sakinlərin qarəti deməkdir.
Dağlıq Qarabağda fəlakət həddinə çatmış vəziyyətdən çıxış yolu tapmaq üçün Yerevandakı hakimiyyət Xankəndidəki rejimə əlavə olaraq 20 milyon dollar ayırıb.
Bu, apreldə olmuşdu. Qarabağdakı rejimin "baş nazir"i Ara Harutyunyan da efirdə peyda olmuş, irişərək demişdi ki, bitdi, problemlər həllini tapacaq, maaş və təqaüdlər vaxtında ödənəcək.Qarabağlı ermənilər inana bilmirdilər və əslində, inanmaq da istəmirdilər, çünki bu bədbəxt məkanda ödənişlərin vaxtında həyata keçirilməsi az qala fantastika hesab olunur.Aprelin sonlarında maaşlar qismən verildi, vəssalam. O aydan bəri qarabağlı ermənilər maaş və təqaüdlərə həsrət qalıblar.
Yerevandakı "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyan da bunu yazıb.Onun dediyinə görə, Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksəkçinli məmur həbs olunub.
"Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb. Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Bunun üçün Dağlıq Qarabağda gələcəkdə mümkün ola biləcək müqavimət ocaqları indidən zərərsizləşdirilir və köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır. Çünki yoxsul, çörək axtaran insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Digər məqsəd isə Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin pisləşməsidir. Unutmayaq ki, Dağlıq Qarabağı bütünlüklə Ermənistan maliyyələşdirir. Şayiələrin nə dərəcədə həqiqət olduğunu demək çətindir. Axı Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanda problemlərin hətta ən yüngül formada müzakirəsi "arzuolunan" deyil", - V.Ağacanyan yazıb.
Dağlıq Qarabağdakı rejim isə iddiaları yalanlayır.
Əksinə, onlar Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində qızıl mədənlərini Rusiya şirkəti ilə birlikdə istismar etmək niyyətindədirlər.Bu məqsədlə Moskvadakı "Geologix Group" şirkətinə müraciət olunub.
Şirkətin sahibləri, 30 yaşlı Nikita Koveç və Pavel Kopıtinin dediklərinə görə, Ağdərə və Kəlbəcər rayonlarında 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660 min ton qurğuşun və digər metal ehtiyatları var.Qarabağlı separatçılar da həmin ehtiyatları istismar etmək, çıxarıb satmaq istəyirlər.İstismara ayın sonunadək başlamaq nəzərdə tutulub.Qarabağda və Azərbaycanın işğal altında qalan rayonlarda ümumiyyətlə, 285 faydalı qazıntı mədəni, yatağı var.Hazırda Ermənistanın "Base Metals", "Gold Star", "East West Global Mining İnc", "Gagament Plus", "Energy Plus" və s. şirkətləri həmin yataqları istismar edərək Azərbaycanın sərvətlərini Yerevana daşıyırlar.Daşımalar Rusiyaya da yönlənib.Bu səbəbdən də Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Rusiyanın 1-ci dərəcəli "Pyotr Veliki" və "Vətən qarşısında xidmətlərə görə" medalı ilə təltif edilməsi təəccüb doğurmur.
Qarabağlı erməni separatçının Rusiyaqarşısında hansı xidmətləri ola biləcəyinisə təxminləmək çətin iş deyil.
Separatçılar Rusiyaya xidmət edə bilərlər, amma qarabağlı ermənilər səfillikdən və yoxsulluqdun qurtulmaq istəyirlər.
Onlar "müstəqillik" yaşamının, daha doğrusu, dünyanın heç bir dövləti tərəfindən tanınmayan məkanda həyat sürməyin mənasızlığını, perspektivsizliyini dərk etməyə başlayıblar.
"Ərazilərin Azərbaycana təhvil veriləcəyi" ilə bağlı şayiələrin də səngimədiyini nəzərə alsaq, bu iddiaların tamamilə əsassız olduğunu düşünməmək mümkündür.
///milli.az