“Qarabağ əməliyyatının arxasında...” – Polkovnik-leytenant

“Qarabağ əməliyyatının arxasında...” – Polkovnik-leytenant
SOSİAL
11:38 21.09.2026
125

2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri bölgənin siyasi və təhlükəsizlik reallığını dəyişən əsas hadisələrdən biri oldu. 

23 saat 43 dəqiqə davam edən əməliyyatın ardından bölgədəki qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın Qarabağda dövlət suverenliyinin tam bərpası üçün şərait yarandı. Sonrakı dövrdə bölgədə təhlükəsizliyin təmin olunması, şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin qayıdışı istiqamətində proseslər həyata keçirilməyə başladı. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycan Bayrağı ordenli, polkovnik-leytenant Elxan Şıxəliyev bildirib ki, 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbirləri 44 günlük Vətən müharibəsi ilə başlayan hərbi-siyasi prosesin mühüm yekun mərhələsi olub:

"2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir hərb tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, 44 günlük Vətən müharibəsi ilə başlayan hərbi-siyasi prosesin mühüm yekun mərhələsi oldu. Cəmi bir sutkaya yaxın davam edən əməliyyat nəticəsində Qarabağda Azərbaycan dövlətinin tam nəzarəti bərpa edildi və ölkənin dövlət suverenliyi təmin olundu”. 

Polkovnik-leytenant qeyd edib ki, 2023-cü ilin sentyabr hadisələri birdən-birə meydana çıxan hərbi əməliyyat olmayıb:

"19–20 sentyabr hadisələrinə aparan yolu bütöv şəkildə nəzərdən keçirmək lazımdır. Bunun arxasında 2020-ci ilin 44 günlük Vətən müharibəsi, müharibədən sonrakı hərbi-siyasi proseslər, bölgədə davam edən gərginlik və Azərbaycan Ordusunun həmin illər ərzində qazandığı döyüş təcrübəsi dayanırdı”.


E. Şıxəliyevin sözlərinə görə, antiterror tədbirlərinin qısa müddətdə başa çatmasında kəşfiyyat, dəqiq hədəfləndirmə, yüksək dəqiqlikli silahlardan istifadə və qoşun növlərinin koordinasiyası mühüm rol oynayıb:

"Əməliyyatın 23 saat 43 dəqiqə davam etməsini yalnız Azərbaycan Ordusunun gücü ilə izah etmək kifayət deyil. Burada əvvəlcədən aparılmış kəşfiyyat və müşahidə, qarşı tərəfin müdafiə sisteminin öyrənilməsi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, yüksək dəqiqlikli atəş vasitələrindən istifadə, çevik komanda-idarəetmə və əvvəlki döyüş təcrübəsinin tətbiqi mühüm əhəmiyyət daşıyırdı”.

Ekspert bildirib ki, 2020-ci il Vətən müharibəsində əldə olunan təcrübə 2023-cü ildə daha lokal və qısa müddətli əməliyyatda tətbiq edilib:

"2020-ci il müharibəsi Azərbaycan Ordusuna genişmiqyaslı müharibə təcrübəsi qazandırdı. 2023-cü ildə isə daha qısa, lokal və konkret məqsədlərə yönəlmiş əməliyyat həyata keçirildi. Bu iki hadisəni birləşdirən əsas xətt döyüş təcrübəsinin qorunması və yeni hərbi imkanlara çevrilməsi idi”.

E. Şıxəliyev vurğulayıb ki, müasir hərbi əməliyyatlarda texnologiya ilə yanaşı, kəşfiyyat və komanda-idarəetmə imkanları da xüsusi əhəmiyyət daşıyır:

"2023-cü ilin sentyabr əməliyyatı Azərbaycan Ordusunun texnoloji imkanlarının deyil, texnologiyanı vahid döyüş sistemi daxilində tətbiq etmək bacarığının da nümunəsi kimi araşdırıla bilər. Kəşfiyyat, informasiya üstünlüyü, komanda-idarəetmə və yüksək dəqiqlikli silah sistemlərinin birlikdə tətbiqi əməliyyatın tempinə birbaşa təsir göstərdi”.

Polkovnik-leytenantın sözlərinə görə, antiterror tədbirləri Azərbaycan Ordusunun peşəkarlığı və son illərdə aparılan ordu quruculuğunun nəticələrini də ortaya qoydu: 

"Bu nəticənin arxasında uzun illər ərzində aparılan ordu quruculuğu, müasir silah və texnologiyaların alınması, şəxsi heyətin hazırlığı, təlimlər, komando bölmələrinin formalaşdırılması, kəşfiyyat imkanlarının inkişafı və 2020-ci il müharibəsindən əldə edilən döyüş təcrübəsi dayanırdı”. 

Ekspert qeyd edib ki, 19–20 sentyabr hadisələri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər: 

"19–20 sentyabr əməliyyatı yalnız bir sutkaya yaxın davam edən hərbi əməliyyat deyil, uzunmüddətli hərbi-siyasi prosesin mühüm yekun mərhələsi idi. Azərbaycan Ordusu bu əməliyyatla özünün döyüş hazırlığını, idarəetmə imkanlarını, yüksək dəqiqlikli silah sistemlərindən istifadə qabiliyyətini və müxtəlif qoşun növlərinin koordinasiyasını nümayiş etdirdi”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR