Təhsilin İnkişafı Fondu (TİF), Qarabağ Dirçəliş Fondu (QDF) və Veysəloğlu Şirkətlər Qrupu arasında Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüşdə TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu, eləcə də tərəflərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastrukturunun qurulması, Qarabağ Universitetinin strateji inkişafına dəstək göstərilməsi və regionun kadr potensialının gücləndirilməsi istiqamətində birgə addımların atılması diqqət mərkəzində olub. Görüşdə dövlət, özəl sektor və akademik institutlar arasında üçtərəfli tərəfdaşlıq modelinin önəmi vurğulanıb. Universitetdə təhsil alan tələbələr üçün xüsusi təqaüd proqramlarının təsisi, təcrübə imkanlarının yaradılması və birgə sosial proqramların icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Qarabağın dayanıqlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb. N.Məmmədli dövlət, özəl sektor və ictimai institutların birgə fəaliyyətinin regionda təhsil imkanlarının genişləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində təhsilin xüsusi yer tutduğunu diqqətə çatdırıb. R.Hacıyev qeyd edib ki, regionda insan kapitalının formalaşması və gənclərin təhsil imkanlarının artırılması bölgənin hərtərəfli bərpasına xidmət edir və bu çərçivədəki layihələrə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov təhsilin inkişafına yönəlmiş bu mühüm təşəbbüsə göstərilən dəstəyə görə tərəfdaş qurumlara təşəkkürünü ifadə edib. O qeyd edib ki, göstərilən diqqət ali təhsil müəssisəsində akademik imkanların genişləndirilməsi və tələbələrin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Rektor vurğulayıb ki, bu kimi strateji addımlar Qarabağda təhsilin davamlı inkişafını təmin etməklə yanaşı, regionun hərtərəfli dirçəlişinə və gələcək tərəqqisinə mühüm təkan verir.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu təhsilə dəstəyin Şirkətlər Qrupunun strateji prioritetlərindən biri olduğunu bildirib. O, vurğulayıb ki, keyfiyyətli təhsilin inkişafı bütövlükdə ölkənin insan kapitalının güclənməsinə xidmət etməklə yanaşı, şirkətlərin peşəkar kadr potensialının formalaşması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Görüşün davamında Qarabağ Universitetinə dəstək mexanizmlərinin genişləndirilməsi, birgə təşəbbüslərin miqyasının artırılması və növbəti mərhələdə həyata keçiriləcək konkret fəaliyyət istiqamətləri müzakirə olunub.
Sonda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
İmzalanan müqavilə çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.
Xatırladaq ki, 2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən "Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, "Qarabağ Təqaüd Proqramı” çərçivəsində 2025–2026-cı akademik ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərilir.











































