`Qarabağ`ın döyülən 12 yaşlı fanatı: `Mənim polisim məni qorumur, məni döyür`

İDMAN
11:50 26.05.2016
9987

Hər şey yaxşı başladı. "Qarabağ" və "Neftçi" komandalarının iştirakı ilə baş tutan Azərbaycan kubokunun budəfəki finalında istər tribunalarda, istərsə də meydanda bayram ab-havası var idi.

Finaldan öncə təşkil olunan konsert proqramında çıxış edən xalq artisti Aygün Kazımova da öz bəstələri ilə azarkeşləri coşdurmağı bacardı. Amma ağdamlıların 1:0 hesabı ilə qələbə qazanıb, ölkə kubokunu başı üzərinə qaldırdığı qarşılaşmadan sonra son sözü asayişi qorumaq üçün Tofiq Bəhramov adına Respublika stadionuna cəlb olunan polislər dedi: "Qoy işığı söndürüm"...

120-ci dəqiqədə "atlılar"a qələbə qazandıran qolun vurulması digər "Qarabağ" fanatları kimi "İmarət" azad azarkeş qrupunun üzvlərini də sevindirməyə bilməzdi. Təbii ki, bu sevinci onlarla bölüşmək növbəsi futbolçularda idi. Mövsümü "qızıl dubl"la başa vuran komandanın kapitanı Rəşad Sadıqovun "İmarət"in yerləşdiyi 6-cı sektora gəlib, onlara təşəkkür üçün öz formasını atması sektorda hərəkətlilik yaratdı. Elə hər şey də bundan sonra başladı.

Həyəcanlanan polislər lüzumsuz yerə, heç bir səbəb olmadan fanatları tribunadan sıxışdırıb çıxardı. Asayiş keşikçiləri komandasının kubok sevincini sona qədər izləmək istəyən azarkeşləri heç cür başa düşmədi. Vəzifə borcunu yerinə yetirmək əvəzinə, polis nəfərləri fanatlara qarşı vəhşi davranışı ilə yadda qaldı. Döyülən kim, dubinkanın altına salınan kim, gözü ilk dəfə bibər qazı ilə tanışan kim...

Bunun adı rəzalətdən başqa bir şey deyildi. Polis azarkeşlərə həbsxanadan qaçmağa cəhd göstərən cinayətkarlar kimi davrandı. 12 yaşlı uşağın belinə dubinka ilə vurmağa şərh bildirmək inanın ki, çox ağırdı. Həmin azyaşlı uşaq bundan sonra necə əminliklə "Mənim polisim məni qoruyur" desin ki? Deyəcəkmi? Vallah, deməyəcək...

Yaxşı ki, başda klub prezidenti Tahir Gözəl olmaqla, "Qarabağ" klubun rəhbərliyi hadisə yerinə özünü anında çatdırdı. Əks halda hadisənin fəsadlarının daha ciddi olacağı istisna deyildi. Yalnız onların məsələyə müdaxilə etməsindən sonra ara sakitləşdi. Klub rəhbərliyi azarkeşlərin xəstəxanaya çatdırıldığı xəbərini eşidincə əvvəlcə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən azarkeşə baş çəkdilər.

Elə məsələyə biganə qala bilməyən sport7.az, futbolinfo.az və komanda.az saytlarının əməkdaşları olaraq da sözügedən sağlıq ocağına yollandıq. Xəsarət alan, yeriyə biləcək durumda olmayan azarkeşlə təklikdə danışan Tahir Gözəl onun durumu ilə maraqlanıb, lazımı tapşırıqlarını verdi. Ardınca isə 1 saylı şəhər kliniki xəstəxanasına üz tutduq. Buradakı mənzərə isə daha ürəkağrıdan idi. Qarşımızda 12 yaşlı Kənan Bağırov var idi. Onu döyən polislər evlərinə gülə-gülə getsələr də, Kənanın belindəki dubinka izi hələ də getməmişdi.

Zorakılığa məruz qalan Kənan hadisəni belə xatırlayır: "Əvvəlcə hamı aşağı düşdü ki, futbolçuların tribunaya atdığı formaları götürək. Sonra polislər gəlib, üzümüzə bibər qazı sıxdılar. Ardınca isə qarşılarına çıxan hər kəsi dubinka ilə döydülər".

Kənanı dinlədikcə adamın tükləri biz-biz olurdu. Görəsən, bu kinin, qəzəbin səbəbi nədi? Bəlkə Bakıdakı polislər paytaxtda "Lələ Təpə" uğrunda savaş qalxıb, xəbərimiz yoxdu? Bəlkə, azyaşlı uşaqlar onların gözündə düşmən idi? Bəlkə, bəlkə, bəlkə... İnanın ki, nəsə yazmaq, nəsə demək çox çətindi, çox...

"Qarabağ"ın başqanı Tahir Gözəl də gördüyü mənzərə qarşısında məyus olmuşdu. Kənanı bağrına basıb, qucaqlayan klub rəhbəri ona "keçmiş olsun" diləklərini bildirməklə yanaşı, məsələni belə qoymayacağını, lazımı qurumlarla danışacağını söylədi. Xəsarət alan 12 yaşlı uşaqla vidalaşan Tahir bəy avtomobilinə tərəf getmək istəyidi ki, yenidən geri qayıdıb, Kənanı qucaqladı, ona sonuna qədər yanında olduğunu bildirdi.

Maraqlı tendensiyadı. Az qala hər il, 5-6 aydan bir polislərin döydüyü azarkeşlərdən danışırıq, yazırıq. Nəticə çıxaran, ölçü götürən yoxdu. Nə polislər davranış mədəniyyətini öyrənir, nə də onlara bu görəvi verənlər nəticə ilə maraqlanır. Məqsədiniz, məramınız azarkeşsiz futboldusa, daha stadion tikəndə tribunaları niyə quraşdırırıq, niyə bilet satırıq, niyə təbliğat kampaniyası aparırıq? Stadionları amfiteatra çevirək, ora ancaq vəzifəli adamlar gəlsin, futbolçular da alqışlamağı da bacarmayan 5-10 nəfər üçün oynasın.

Camaatın uşaqlarını niyə öldürürsüz? Axı, onlar nə günah edib? Bu ölkədə sevmək, sevinmək də günahdımı? Bahalı əyləncələr oliqarxlar üçündü, heç olmasa, 1-2 manatlıq əyləncəni onlara çox görməyin. Onları sabah "istefa" qışqırmağa məcbur etməyin, bizim gənclər döyüldükcə cılızlaşmır, daha da mətinləşirlər. Sabah bu uşaqları tribunalara necə qaytaracağıq? Ehhh, nə isə... Allah öz polisinin vəhşiliyinin qurbanı olan cavanlarımıza şəfa versin!

Elmar Abdulla-Zadə (futbolinfo.az)

OXŞAR XƏBƏRLƏR