QAT Şəki rayon icra hakimiyyətiylə məsələyə aydınlıq gətirdi
Bütün Xəbərlər
15:14 07.08.2012
1337
Qarabağ Azadlıq Təşkilatı Şəki rayonunda şəhid Xalis Əzizovun qəbirüstü abidəsinin götürülməsi və qırx mərasiminin verilməsi ilə bağlı problemlərə aydınlıq gətirib. QAT Şəki şöbəsinin sədri Elxan Rəhimli dərhal şəhidin ailəsinə baş çəkib, atası Mətləb Əzizovla görüşüb, şəhid atası ilə Qarabağ Azadlıq Təşkilatı sədri Akif Nağı da telefonla danışıb. Sonra Qarabağ Azadlıq Təşkilatı nümayəndələri Şəki İcra hakimiyyəti başçısının müavini ilə görüşüb və məsələyə tam aydınlıq gətirib. Məlum olub ki, şəhid ailəsinə dövlət tərəfindən 11,5 min manat sığorta ödənişi verilib, yerli icra hakimiyyəti öz imkanları daxilində 4 min manat yardım göstərib, qəbrin üstü səliqəli şəkildə götürülüb, qırx mərasimi üçün zəruri yardım edilib.Dünən şəhidin qırx mərasimi keçirilib, mərasimdə şəhidin yaxınları , rayon camaatı, Qarabağ Azadlıq Təşkilatı fəalları ilə yanaşı, rayon icra hakimiyyətinin ,prokurorluğun, polis idarəsinin rəhbərləri də iştirak ediblər. İcra başçısının müavini Firon müəllim bildirib ki, bundan sonra da şəhid ailəsinin qayğılarını diqqətdə saxlayacaqlar. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bildiririk ki, şəhid ailələrinin, əlil və müharibə veteranların problemləri çoxdur. Ona görə də yerli hakimiyyət strukturları diqqətli olmalı, problemlərin həllində operativlik göstərməli, narazılıqların yaranmasına imkan verməməlidirlər. Bu iş hər cəhətdən, o cümlədən hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi üçün vacibdir.