Dünən İmişlidə iki nəfər Araz çayında batıb.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, əslən İmişli rayonundan olan Bakı sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Eldəniz Adəm oğlu və onun dostu - 1984-cü il təvəllüdlü Ağdam sakini Məmmədov Anar Gülağa oğlu mayın 31-də Eldəniz Şıxəliyevin İmişlidə yaşayan qayınatasıgilə istirahət etməyə gediblər.
Dostlar daha sonra Araz çayının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində balıq tutmağa yollanıblar. Bundan sonra onlardan xəbər çıxmayıb. Dostların çayda batdığı ehtimal edilir. Belə ki, onlara məxsus avtomaşın, telefonlar və balıq tutmaq üçün ləvazimat çayın sahilində aşkarlanıb.
Hazırda FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışları aparılır.
Qeyd edək ki, Araz çayının İmişli rayonundan keçən hissəsində iki gün öncə də bir nəfər batıb. Faciə çayın rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində baş verib. 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlu çayda boğulub. E.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 30 metr aralıda dünən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.