AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, MMC direktoru olan 39 yaşlı qadın qazi olan gənci işə düzəltmək adı ilə onun atasından külli miqdarda pul alaraq vədini yerinə yetirməyib.
İttiham aktına görə, təqsirləndirilən şəxs Səlimə Bağırova (ad və soyad şərtidir) zərərçəkən Firdovsiyə (şərti ad) söz verib ki, qazi olan oğlunu 3 000 manat qarşığında Qullar kənd 3 saylı məktəbdə gözətçi vəzifəsinə düzəldəcək. Sonradan o, Firdovsidən 500 manat da alıb. Lakin qadın biznesmen verdiyi sözü yerinə yetirə bilməyib və pulu qaytarmayıb.
Zərərçəkənin müraciəti əsasında Səlimə Bağırova saxlanılıb və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Firodovsinin oğlunu işə düzəltməyi zərərçəkənin həmkəndlisi olan şəhid atası ondan xahiş edib. Belə ki, Səlimə və şəhid atası bir ictimai birliyin üzvü olduqları üçün bir-birini tanıyıblar. Səlimə Bağırova zərərçəkəndən aldığı 3 500 manatı tam ödədiyini və azyaşlı övladlarının olduğunu deyərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
İstintaq zamanı isə qadın zərərçəkəndən dələduzluq yolu ilə aldığı 3 500 manatı geri qaytarıb.
Məhkəmənin qərarı ilə Səlimə Bağırova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.











































