Qəbələdə icra başçısıyla məmurlar arasında bölünən hərbi şəhərcik - Ruslardan qalan evləri SATIRLAR!

Qəbələdə icra başçısıyla məmurlar arasında bölünən hərbi şəhərcik -  Ruslardan qalan evləri SATIRLAR!
Bütün Xəbərlər
14:40 21.01.2016
6706
Qəbələ RLS-in fəaliyyətini dayandırmasından sonra  rayonun Zarağan kəndi ərazisində rus hərbiçilərinin yaşadıqları hərbi şəhərcik boşaldılmış və 1 mart 2013 tarixindən həmin evlər Qəbələ rayon icra hakimiyyətinin tabeçiliyinə verilmişdi. 
O dövürdə mətbuatda yayılan məlumatlara görə, rus hərbiçilərin şəhərciyi tərk etməsinin ardından bu mənzillər də orada çalışan 270-ə yaxın ailəyə verilib.
Ancaq manatın ikinci devalvasiyasından və neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi problemlər yaranması məmurların "pul kisələri"nin boşalmasına səbəb olub. Artıq yerli icra orqanları üçün maliyyə sıxıntılarının yaşanması onları yeni gəlir mənbələri axtarışına çıxmalarına sövq edib. 
AZXEBER.COM-a göndərilən məktubda da məhz, rus hərbiçilərindən təmizlənən Qəbələnin Zarağan kəndindəki hərbi şəhərciyin rayonun iri məmurları tərəfindən satışa çıxardılması və o evlərdə yaşayan əhalinin zor gücünə, hədələnərək çölə atılmalarından bəhs edilir. 
Məlumatda şəhərcikdəki evlərin Qəbələdə daha çox icra başçısı Səbuhi Abdullayevə yaxın məmurlar, şəhərin prokuroru, polis rəisi, təhsil şöbəsinin müdiri və digər məmurlar arasında bölündüyü qeyd edilib. Bu şəxslər şəhərcikdəki mənzillərin bir neçəsini götürərək onları yerli sakinlərə kirayə verir və ya 2-5 min manat arasında satışa çıxardır. 
Göndərilən müraciətdə deyilir: "Polis rəisi Etibar Babayevin 3 mənzilə, Gilan şəhər üzrə Mühafizə Xidmətinin rəisi Kənan adlı şəxsin 6 mənzilə, hərbi şəhərciyin JEK müdiri Ağamurad Muradovun 3 mənzilə, onun müvini Eldar Dəmirovun 62-ci binada 22 və 23-cü mənzillərə, Qəbələ Diaqnostika Mərkəzinin müdirinin 3 mənzilə, bələdiyyə sədri Ramin Əliyevin 62-ci binada 2 mənzilə sahibdir" 
 
Məktubda icra başçısı Səbuhi Abdullayevin evləri açıq satışa çıxartdığı da qeyd edilib. Qiymətlərə görə 1 otaqlı ev 2 min, 2 otaqlı ev 3 min, 3 otaqlı ev isə 5 min manata satılır. 
İcra başçısı Səbuhi Abdullayev
Məlumatda bu gün şəhərcikdə yaşayan və keçmişdə Qəbələ RLS-in işçiləri olan yerli sakinlərə evlərdən çıxmaq üçün son tarix verildiyi də qeyd edilib. 
AZXEBER.COM portalı olaraq mövzu ilə bağlı qarşı tərəf kimi Qəbələ Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubovla əlaqə saxladıq. İcra başçısının sektor müdiri hərbi şəhərcikdəki evlərin icra başçısının rəhbərliyi ilə satışa çıxardılamsı ilə bağlı sualımıza qarşılıq olaraq məzuniyyətdə oluduğunu və məsələdən xəbərsiz olduğunu bildirdi. Ancaq maraqlı olan bir digər məqam isə əlaqə saxladığımı telefon nömrəsinin sektor müdirinin icra hakimiyyətindəki otaq nömrəsi olması idi. Və nədənsə məzuniyyətdə olan sektor müdiri məhz öz iş otağındakı telefona cavab verərək, məzuniyyətdə olduğunu dedi.
Mövzuyla bağlı araşdırmamız davam edəcək.
OXŞAR XƏBƏRLƏR