Azərbaycanın Qəbələ şəhərində 6–7 oktyabr tarixlərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı beynəlxalq mətbuatın diqqət mərkəzinə düşüb. Sammitin nəticələri və qəbul edilən qərarlar barədə bir sıra türk dövlətlərinin aparıcı media orqanlarında geniş məqalələr dərc olunub.
AZXEBER.COM xəbər verir ki, jurnalist, "Azxeber Media”nın direktoru Əfsələddin Ağalarovun müəllifliyi ilə qələmə alınan məqalələr Qazaxıstanın ən çox satılan "Liter” qəzetində, Qırğızıstanın dövlət xəbər agentliyi "KABAR”da və Özbəkistanın nüfuzlu dövlət xəbər agentliyi "Uza.uz”da dərc edilib.
Məqalələrdə qeyd olunur ki, sammit çərçivəsində Türk dövlətlərinin 2026-cı ildə birgə peyk istehsalına başlaması, həmçinin ortaq hərbi təlimlərin keçirilməsi kimi mühüm təşəbbüslər irəli sürülüb. Bu addımların türkdilli ölkələr arasında strateji tərəfdaşlığın yeni mərhələsinə təkan verəcəyi vurğulanır.
Eyni zamanda, məqalələrdə Azərbaycanın təşkilat çərçivəsində artan rolu, sammitin Qəbələdə keçirilməsinin simvolik və strateji əhəmiyyəti, həmçinin Prezident İlham Əliyevin çıxışında vurğuladığı regional sabitlik və əməkdaşlıq mesajları da geniş şəkildə işıqlandırılıb.