10 aprel Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun doğum günüdür.
QAT-dan AZXEBER.COM-a verilən məlumata görə, Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. O, 1991-ci ildə ətraf kəndlərin əhalisi ilə birlikdə Kolanı özünümüdafiə dəstəsi yaradıb, Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 1993-cü ilin iyununda Şahbulaq yüksəkliyi uğrunda döyüşə rəhbərlik edir, yüksəkliyi ələ keçirir, lakin əlavə kömək gəlmədiyinə görə geri çəkilməli olur. 1994-cü ilin aprelində “Çərik” istiqamətində düşmənin hücumunun qarşısını alır, düşmənin iki tankını və onlarla canlı qüvvəsini məhv edirlər. Həmin döyüşdə komandir Yelmar Edilov həlak olur, lakin düşmənin irəliləməsinə imkan vermirlər. Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.