Qənirə Paşayeva 'IV Avrasiya Gənclik Forumu'nda çıxış etdi
Bütün Xəbərlər
17:53 15.05.2012
1156
Litvada “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumu keçirilib. AZXEBER.COM xəbər verir ki, millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumun açılış mərasimində gənclərin sosial məsələlərin həllində rolu mövzusunda geniş məruzə ilə çıxış ediblər.Qənirə Paşayeva çıxışında Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib. “Bizim atalarımız 2-ci Dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlətarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var” – deyə, Q.Paşayeva bildirib. Millət vəkili Ceyhun Osmanlı qloballaşma və internet mövzusuna toxunub və Azərbaycan internet istifadəçilərinin 80 faizə yaxınını gənc olması, Azərbaycanda 1 milyona yaxın insanın sosial şəbəkə istifadəçisi olması və s. məsələlər ətrafında danışıb.