Qənirə Paşayeva: 'Mənim bir həyat fəlsəfəm var, o da topluma yararlı olmaqdır' - FOTOLAR
Bütün Xəbərlər
15:55 06.02.2012
4545
Xəbər verdiyimiz kimi, 4 fevral tarixində millət vəkili, Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azərbaycan Tədris Akademiyasında (A.S.A) qonaq olub.Keçmiş jurnalist A.S.A-da gənc jurnalistlərin suallarını cavablandıraraq, onlarla səmimi söhbət edib. Qənirə Paşayeva qeyd edib ki, onun həyat fəlsəfəsi topluma yaralı olmaqdır: “Təkcə gənclərlə deyil, orta yaşlı insanlarla da söhbət edərkən bəzi şeylər məni təəccübləndirir. 35-40 yaşlı insanlar var ki, onlar həyatda niyə yaşadıqlarının fəlsəfəsini bilmirlər. İnsanı uğura aparan yolda ən ciddi əngəl insanın özünün niyə bu dünyada yaşadığının dərk etməməsidir. Düşünürəm ki, hər bir insan öz həyat fəlsəfəsini gənc yaşlarında tapmalıdır. Məsələn, mənim bir həyat fəlsəfəm var, o da topluma yararlı olmaqdır. Mənim düşüncəmə görə, insanın keyfiyyət əmsalı onun topluma nə qədər faydalı olmasından keçir. Elə insanlar var ki, bəlkə də məni sevmirlər. Amma mən onların vətən üçün faydalı insanlar olduqlarına inanıramsa onlara hər zaman hörmət edirəm. İnsan hər zaman topluma, cəmiyyətə nə verə biləcəyini düşünməlidir. Amma başqa həyat fəlsəfəsiylə yaşayanlar da az deyil. Məsələn bir nəfər mənə deyir ki, “mən vəzifəyə gəlmək istəyirəm”. Sual verirəm ki, niyə gəlmək istəyirsən? O da deyir ki, “çünki vəzifədə yaxşı pul qazanacam”.Tələbə-jurnalistlərin suallarıyla davam edən görüş 4 saat davam edib. Qənirə Paşayeva gənclərə sevdikləri işlə məşğul olmağı məsləhət görüb. O, insanın uğur qazanmasında ailənin oynadığı roldan da danışıb: “Əlbəttə ki, genetik kodlar, ailə çox önəmlidir. Mən hər zaman ailənin təsirini çox yüksək qiymətləndirmişəm. Mən hər zaman qadınların təhsil almasının tərəfdarı olmuşam. Bunu ona görə edirəm ki, cəmiyyətdə övladların yetişməsində ananın rolu çox böyükdür. Cəmiyyət üçün şəxsiyyət yetişdirən anaların sayını artırmalıyıq. Allahın mənə verdiyi böyük şans odur ki, mən ziyalı mühitində böyümüşəm. Azərbaycanın çox böyük ziyalıları bizim ailəmizdə, evimizdə olub. Çox gənc yaşlarımda onlarla söhbət etmək imkanı əldə etmişəm. Sovet ittifaqının dağılması, Azərbaycanın müstəqilliyin yenidən əldə etməsi, keçdiyimiz o təlatümlər bizim dövrümüzün gəncliyinin həyatını dəyişdi. Onlar başqa bir missiyanın daşıyıcısı olduqlarını anladılar. Biz qapalı bir dövrün uşaqları idik. Televiziyalar yox idi, dünya açıq deyildi, istədiyimiz kitabları oxuya bilmirdik, istədiyimiz düşüncə cərəyanlarını oxuya bilmirdik. O zaman tamam qapalı bir nəsil yetişdirilirdi. Amma sizin şansınız var. Özünüzün həyat yolunuzu müəyyənləşdirə bilərsiz. Əgər insan 19-20 yaşlarında artıq bunu edə bilmirsə, bu onun probleminin əsasıdır. Bunu müəyyənləşdirmək sizə böyük güc verəcək. Nə qədər yorulsanız da, heç bir zaman geri çəkilməyəcəksiz. Biz hədəflərimizə çatmaq üçün bu yolları keçməliyik. Asan həyatla bunu əldə etmək mümkün deyil. İnsana ən böyük güc verən hədəfləridir. Əmin olun ki, mümkünsüz kimi görünənləri mümkün edə biləcəksiz”. Keçmiş telejurnalist ilk dəfə ANS-ə gəlməsindən də bəhs edib: “Əslində insanın peşəsi onun üçün bir vasitədir. Mənim üçün əsas odur ki, hansı işi görürəmsə, o işdə ən yaxşı olum. Yaxşı olmasam yararlı da olmayacam. Mən bəlkə də həkim ola bilərdim. Amma mən hesab edirdim ki, öz arzularımla, xarakterimlə daha çox jurnalistikada yararlı ola bilərəm. Bəzən insan sevmədən bir universitetə daxil olur, oxuyur, təhsil alır. Amma bunda yaralı olmayacağını düşünür. Xeyr, insan heç nəyə məhkum deyil. Əgər işini sevmirsənsə, heç zaman orada faydalı ola bilməyəcəksən. Mən Tibb Universitetində oxuyanda İlk dəfə ANS-ə gəldim. Orada Vahid Naxış məni qarşıladı. Mən ona televiziyada işləmək istədiyimi söylədim. Təbii ki, o dövrlərdə televiziya az idi və orada çalışmaq istəyənlər çox idi. Mən dedim ki, elə mövzular var ki, onlara televiziya kanallarında yer ayrılmır. Sonra ANS mənə şans verdi və mən özümü sübut etdim”. Tanınmış telejurnalist Vesile Vahidqızının moderator olduğu görüşdə gənclər millət vəkilinə onları maraqlandıran bütün sualları veriblər . Millət vəkili Qənirə Paşayeva 4 saat davam edən görüşdən məmun qadığını və belə görüşlərin tez-tez keçirilməsinin tərəfdarı olduğunu bildirib. Sonda Qənirə Paşayeva müəllifi olduğu “Onun sevgi məktubları”kitabını gənclərə hədiyyə edib. Görüş xatirə şəklinin çəkilməsiylə yekunlaşıb.