Millət vəkili Qənirə Paşayeva UNESCO Gender Bərabərliyi Departamentinin müdiri Saniye Gülser Corat ilə görüşüb.
Azərbaycan ilə UNESCO arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu deyib. Azərbaycan-UNESCO əlaqələrinin Azərbaycanın birinci xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmçinin Azərbaycanın mədəni dünya arenasında nüfuzunun artırılması istiqamətində böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşadığını deyən millət vəkili Qənirə Paşayeva deyib ki, Azərbaycanın adı hazırda beynəlxalq aləmdə bir çox sahələrdə çox hörmətlə çəkilir və Azərbaycanın UNESCO-nun layihələrində fəal iştirakı, görülən işlər böyük rəğbətlə qarşılanır.
UNESCO Gender Bərabərliyi Departamentinin müdiri Saniye Gülser Corat Azərbaycan ilə UNESCO arasında əlaqələrin yüsksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu və Azərbaycanın UNESCO-nun layihələrində, keçirdiyi tədbirlərdə fəal iştirakçı ölkə olmasından çox sevindiklərini deyib.
Görüşdə qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparırlıb.