Qənirə Paşayeva: ''Səhər' insanları dövlət əleyhinə qaldırmaq üçün qurulmuş bir kanaldır'
Bütün Xəbərlər
15:10 14.02.2012
1360
”Çox təəssüf ki, son günlər İranda bəzi qüvvələr, rəsmi şəxslər tərəfindən Azərbaycan əleyhinə nəinki açıqlamalar verilir, çox ciddi şəkildə Azərbaycan əleyhinə fəaliyyətlər gedir". Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında İranın Azərbaycana təqdim etdiyi notaya münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib. Xanım millət vəkili bildirib ki, Azərbaycan hər zaman İranla qonşu kimi normal münasibətlər qurmağa cəhd edib və özünün fəaliyyətində də bunu göstərir: “Çünki bu ölkədə eyni zamanda 30 milyon soydaşımız yaşayır. Amma Azərbaycan müstəqilliyini əldə etdiyi ilk gündən, o ağır günlərimizdə də İranın dəstəyini hiss etməmişik. İran daima Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır".Q. Paşayeva bildirib ki, İranda fəaliyyət göstərən "Səhər" Azərbaycan əleyhinə təxribatlarını davam etdirir: “Mən bunu açıq şəkildə deyirəm, “"Səhər" telekanalı Azərbaycan daxilində təxribat yaratmaq, insanları dövlət əleyhinə qaldırmaq üçün qurulmuş bir kanaldır".