Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin sabiq deputatı Qənirə Paşayevanın vəfatının ildönümüdür.
Qənirə Paşayeva fəaliyyəti dövründə Azərbaycanla yanaşı, Türkiyədə də yaxından tanınan siyasi və ictimai xadimlərdən biri olub. O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki ölkə arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə və Türk dünyasının birliyinə xüsusi diqqət göstərib.
Xüsusilə Türkiyədə keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər və çıxışlarında Azərbaycan həqiqətlərini, Qarabağ və Xocalı məsələlərini gündəmə gətirməsi onun fəaliyyətinin əsas istiqamətlərindən olub.
Mövzu ilə bağlı AZXEBER.COM-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Qənirə Paşayevanın fəaliyyəti Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, bütövlükdə Türk dünyasının birliyi baxımından da mühüm əhəmiyyət daşıyıb:
"Qənirə Paşayeva yalnız Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xidmət edən siyasi xadim deyildi. O, bütövlükdə Türk dünyasının birliyini siyasi, ictimai və mədəni müstəvidə müdafiə edən önəmli simalardan biri idi. O, parlament diplomatiyasından mediaya, universitetlərdən qeyri-hökumət təşkilatlarına qədər geniş bir sahədə Azərbaycan həqiqətlərinin, xüsusilə Qarabağ və Xocalı məsələlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl fəaliyyət göstərdi. Türkiyə ilə Azərbaycan arasındakı "Bir millət, iki dövlət” anlayışını yalnız siyasi münasibət kimi deyil, ortaq tarix, mədəniyyət, dil, yaddaş və gələcək vizyonu kimi təqdim etdi. Onun fəaliyyətinin strateji əhəmiyyəti isə Azərbaycan-Türkiyə xəttini daha geniş Türk dünyası inteqrasiyasının təməl sütunlarından biri kimi görməsində idi. Türkiyədən Qazaxıstana, Özbəkistandan Qırğızıstana, Türkmənistandan Şimali Kipr Türk Cümhuriyyətinə qədər Türk xalqları arasında mənəvi və mədəni bağların gücləndirilməsini müdafiə etdi. Gənclərin ortaq Türk kimliyi və tarixi şüur ətrafında yetişməsinə xüsusi önəm verdi”.

Yücel Karauz qeyd edib ki, Qənirə Paşayevanın fəaliyyəti siyasi yanaşma ilə yanaşı, xalqlar arasında ictimai və mədəni əlaqələrin gücləndirilməsi baxımından da diqqət çəkirdi:
"Qənirə Paşayevanın mirasını üç istiqamətdə ümumiləşdirmək mümkündür. Siyasi müstəvidə Türk dövlətlərinin yaxınlaşması, ictimai müstəvidə xalqlar arasında qardaşlığın möhkəmləndirilməsi, mədəni müstəvidə isə ortaq Türk kimliyinin və tarixi yaddaşın qorunması. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən inteqrasiya proseslərinə baxdıqda, Qənirə Paşayevanın illərlə müdafiə etdiyi güclü Azərbaycan, güclü Türkiyə və birlik içində güclü Türk dünyası düşüncəsinin əhəmiyyəti daha aydın görünür. Qənirə Paşayeva bir ölkənin deyil, ortaq Türk dünyası idealının səsi idi. Onu vəfatının ildönümündə rəhmət, hörmət və minnətdarlıqla yad edirik”.
Fəridə Əsədzadə












































