Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva Konya, Meram bələdiyyəsinin sədri Serdar Kalayçı ilə görüşüb.AZXEBER.COM-un məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva hər iki ölkənin bələdiyyələri arasında da əlaqələrin getdikcə genişləndiyini məmnuniyyət verici olduğunu bildirib.
Bu yaxınlarda Azərbaycanın Şəki şəhər bələdiyyəsi ilə Meram bələdiyyəsinin qardaşlaşdığını xatırladan millət vəkili Qənirə Paşayeva dost, qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə daha da genişlənməsinin vacibliyini və önəmini xüsusi vurğulayıb.
Meram bələdiyyəsinin sədri Serdar Kalayçı bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin daima qardaş Azərbaycanın yanında olacağını, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini, iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb.
Görüş və müzakirələr zamanı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Meram bələdiyyəsinin birlik və bərabərliyimizin gücləndirilməsi, ortaq tariximizin və mədəniyyətimizin gənc nəsillərə daha geniş öyrədilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi qərara alınıb. Yanvar ayından başlayaraq tədbirlərə start veriləcək.
Görüşdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Konya Meram bələdiyyəsinin Azərbaycanda Mövlanə və Şəms Təbrizi ilə bağlı birgə tədbirlər keçirməsi barədə razılıq da əldə olunub.