"Qərb, xüsusilə də Avropa İttifaqı institutları və Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bir sıra deputatlar öz merkantil maraqları ilə Avropa siyasətinə zərbə vururlar”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
O bildirib ki, Azərbaycana qarşı zaman-zaman qərəzli bəyanatlar olur:
"2020-ci il Qarabağ müharibəsində qazandığımız zəfərdən əvvəl və sonra da Qərbdən kifayət qədər qərəzli bəyanatların və sənədlərin qəbul olunduğunun şahidi olmuşuq. Bu sənədlərin heç biri ciddi təsir göstərə bilmir və göstərə bilməz də. Azərbaycan artıq öz suverenliyini tam təmin edib, müharibənin qalibi olaraq böyük zəfər qazanıb. Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi nüfuzunu durmadan artırmaqdadır. Ölkə başçımız cənab İlham Əliyevin qlobal liderlər sırasında mövqeyi möhkəmlənib və o, ən çox hörmət olunan, nüfuzlu liderlərdən biridir”.
Parlamentari qeyd edib ki, bəzi qüvvələr Əli Kərimli və digər şəxslərin həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirirlər:
"Son zamanlar dövlətin daxili işlərinə və baş verən proseslərə təsir etməyə çalışan, siyasi oyunbazlıq və manipulyasiya ilə məşğul olan müəyyən qüvvələr var. Əli Kərimli və digərlərinin həbs olunmasını qabartmaqla hələ də təsir imkanlarını qorumağa cəhd edirlər. Onların həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirirlər”.
Deputat vurğulayıb ki, Qərb dairələrində hələ də selektiv yanaşma mövcuddur:
"Ermənistanda hakimiyyət tərəfindən siyasətçilərə və digər şəxslərə qarşı total hücumlar həyata keçirilir. İnsan haqlarının kobud şəkildə pozulması, siyasətçilərin həbs edilməsi, kütləvi tədbirlərə qoyulan qadağaların sürətlə artması müşahidə olunur. Amma Ermənistana qarşı Avropa təsisatlarından ciddi bir reaksiyanın verildiyini görmürük. Azərbaycan isə dövlətə xəyanətdə ittiham olunan şəxsləri həbs etdikdə həmin dairələr dərhal "demokratiya” və "insan haqları”nı dilə gətirərək bar-bar bağırırlar. Azərbaycan hər dəfə bu kimi məsələlərdə qalib mövqe nümayiş etdirib. Bir daha bəyan edirik ki, bu cür riyakar çıxışların heç bir məna və təsiri yoxdur.
Avropa təsisatları Azərbaycanla münasibətlərinə xələl gətirməmək üçün bu kimi məsələlərdə daha diqqətli olmalıdırlar”, deyə deputat əlavə edib.
Şahanə Ziyad










































