“Bu blok müəyyən müddət Ukrayna və Gürcüstanı özünə tərəf çəkə bildi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Mehman Rəsulov söyləyib.
Politoloqun sözlərinə görə, Rusiyanın mövqeyi getdikcə bölgədə zəifləyir:
“Rusiya əvvəl Cənubi Qafqazda, daha sonra isə digər postsovet ölkələrində öz gücünü getdikcə itirməyə başladı. Bu gün dünyada ikitərəfli bloklaşma əmələ gəlib. Birinci tərəf NATO blokudur. Bu blok Ukrayna və Gürcüstanı özünə tərəf çəkə bildi. Ancaq Rusiya mövqelərinin getdikcə zəiflədiyini görüb, güzəştə getməyə məcbur oldu. Bir müddət sonra isə, yenidən öz gücünü bu ölkələr üzərində itirdi. Buna görə də bu gün Rusiya yenidən keçmiş postsovet ölkələrini öz ətrafına birləşdirmək planını orataya atıb. Ukrayna isə Rusiyanın apardığı bu siyasətin qurbanına çevrildi. Nəticədə istər Avropa, istərsə də, Avropaya inteqrasiya tərəfdarları meydanlara axışdı”.
M.Rəsulov Rusiyanın Cənubi Qafqazda Ermənistanı öz tərəfinə çəkməsinin, digər region ölkələrinə təzyiq etmə planı kimi qiymətləndirib:
“Rusiya Cənubi Qafqazda öz mövqeyini itirmək istəmir. Buna görə də yenidən bu ölkələr üzərində müəyyən təzyiqlər etməyə çalışır. Ermənistan isə 3 ölkə arasında Rusiyanın siyasətinə heç bir etiraz etmədən qoşulan ölkədir. Buna görə də, Rusiya Ermənistan üçün Cənubi Qafqazda yeni imkanlar yaratmağa çalışır. Ancaq Rusiya özü də gücünün bu ölkələr üzərində zəiflədiyini anlayır və buna qarşı müəyyən mexanizmlər tətbiq edir”.
AZXEBER.COM