Qəzet rəhbərləri köşklərin ləğvinə niyə reaksiya vermir? - MÜNASİBƏT

Qəzet rəhbərləri köşklərin ləğvinə niyə reaksiya vermir? - MÜNASİBƏT
MEDİA
16:52 14.08.2012
1191
Akif Aşırlı: "Bu, Azərbaycanda mətbuatın inkişafına müsbət yox, mənfi təsir göstərir"Elçin Mirzəbəyli: "Bu məsələyə ilk növbədə "Qasid" şirkətinin rəhbərliyi reaksiya verməli və aydınlıq gətirməlidir" Son zamanlar "Qasid" mətbuatyayım firmasına məxsus köşklərin ləğvi prosesi başlayıb. Və hələ də davam etməkdədir. Verilən məlumatlara görə, ən böyük yayım şəbəkəsi də "Qasid" firmasına məxsus idi.Belə olan halda qəzet köşklərinin ləğv olunmasında məqsəd nə ola bilər? "Qasid" köşklərinin rəhbərliyinin bu məsələdə  passiv mövqe tutması və qəzet rəhbərlərinin də bu məsələlərə reaksiya verməmələri nədən irəli gəlir? Bu və ya digər suallara cavab tapmaq üçün baş redaktorlarla əlaqə saxladıq. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələyə münasibət bildirərkən qeyd etdi ki, bu məsələyə ilk növbədə Qasid şirkətinin rəhbərliyi reaksiya verməli və aydınlıq gətirməlidir: "Bu ilk növbədə onun biznes maraqları ilə bağlı olan məsələdir. Bu baxımdan düşünürəm ki, bəlkə də bizim bilmədiyimiz məqamlar var. Elə məqamlar ki, onlar doğrudan da mətbuatın yayımına köməklik göstərəcək, dəstək göstərəcək. Məncə prosesin davamını  izləmək lazımdır. Tələsik qərar verməyin tərəfdarı deyiləm".Mirzəbəyli  qəzet baş redaktorlarının bu məsələyə reaksiya verməməsini  baş redaktorların məsələyə kompleks yanaşdıqlarını qeyd etdi: "Ümumiyyətlə, yayımın problemi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Mətbuat Şurasında bununla bağlı müzakirələr keçirilib. Biz də öz təkliflərimizi səsləndirmişik. Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai -siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yayımla bağlı öz fikirlərini həmin tədbirdə səsləndirdi. Səslənən təklifləri eyni zamanda qeydə alıb bu istiqamətdə işlər görəcəyinə inanıram. Bu baxımdan da məncə zamanı gözləmək lazımdır. Hansı qərarların veriləcəyini, hansı addımların atılacağını gözləmək lazımdır. Mətbuat yayım problemi bir günün içərisində yaranmayıb ki, bir günün içərisində də həll olunsun. Bu baxımdan məncə bu məsələdə  daha səbirli olmaq lazımdır."Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirdi ki,ümumiyyətlə, nəinki "Qasid", hətta "Qaya" və digər yayım şəbəkələrinə məxsus köşklərin götürülməsi Azərbaycan mətbuatına, qəzetlərə çox ciddi mənfi təsir göstərir: "Son dövrdə belə problemlərin yaşandığını hiss edirik. Təbii ki, bu, qəzetlərin satış imkanlarını azaldır və o qədər də yaxşı durumda olmayan maliyyə vəziyyətimizi pisləşdirir. O baxımdan mən "Qasid" firmasının köşklərinin yığışdırılmasını yaxşı qəbul etmirəm".Aşırlı daha sonra qeyd etdi ki, əgər bu, Paris köşklərinin şəhərdə quraşdırılması ilə bağlıdırsa, o, köşklərdə ümumiyyətlə, qəzetlərin satışı məsələsi yoxdur: "Orada tamam başqa ticari məqsədlər var.Ərzaq məhsullarının satışı, digər kənd təsərrüfatı mallarının satışını görürük. Sadəcə, qəzet köşkü adından istifadə edərək öz ticari məqsədlərini həyata keçirmək üçün quraşdırılan köşklərdir. Bu da təbii ki, Azərbaycanda mətbuatın inkişafına müsbət yox, mənfi təsir göstərir. Mən bunu düzgün hesab etmirəm".Baş redaktor  "Qasid" firmasının ən böyük yayım firması olduğunu, 450-dən artıq köşkünün olduğunu, indi isə 200-220 köşkün qaldığını bildirdi: "Zaman-zaman  "Qasid" köşkünün özünü  də tənqid etmişəm. "Qasid" köşkləri də eynən Paris köşkləri kimi qəzet satışından daha çox başqa yönlü ticari fəaliyyətlə məşğul idi. Ərzaq satırdılar, kitab, dəftər, qələm,  çin məhsulları satırdılar. 8-10 kvadratmetrlik bir köşk vitrinində bir dənə də olsun qəzet olmurdu. "Qasid" köşklərinin özündə də qəzetlərin satışı ilə bağlı problemlər var idi. Ancaq Paris köşklərinə nisbətən orada  müəyyən dərəcədə də olsa qəzetlərin satış imkanları var idi. Təbii ki,  prosesi izləyirik. Münasibətim yaxşı deyil. Azərbaycan mətbuatının inkişafı haqqında deyilən fikirlərlə üst-üstə düşmür".  Gündəlik-Bakı qəzeti
OXŞAR XƏBƏRLƏR