Bu gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi əhalini insan alveri probleminə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə şəhərin mərkəzində aksiya keçirib. AZXEBER.COM-un məlumatına görə, aksiyanın adı “Qırmızı köynəklilər insan alverinə qarşı” olub. Aksiyaya “İslahatçı Gənclər” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nin fəal gəncləri də dəstək verib.
15 dəqiqə ərzində qımızı köynəkli gənclər Bakı sakinlərinə sosial mesajlar veriblər. Onlar "İnsan alverinə yox de", "Orqan satışına yox", "Mən də ana olmaq istəyirəm" kimi pankartlar qaldırıblar. Sonda paytaxt sakinlərinə maarifləndirici bukletlər paylanılıb.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aksiyayla bağlı AZXEBER.COM-a deyib: "İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi bu günə qədər zaman-zaman bir çox sosial yönümlü aksiyalar keçirib. Bu gün də “Qırmızı köynəklilər”lə insanları məlumatlandırmağa çalışdıq. Vətəndaşlarımızı mövzu ilə bağlı məlumatlandırmaq üçün DİN-in hazırladığı bukletləri onlara payladıq və çalışdıq ki, onlara insan alverinə qarşı müəyyən məlumatlar verək. Bu aksiyada diqqəti ən çox çəkən məqamlardan biri isə gənclərin aksiyada olduqca fəal iştirak etmələri idi. Mən onların hər birinə bu sosial problemdə aktiv iştirak etdikəri üçün təşəkkürlərimi bildirirəm"