Qiyabi təhsil alanlar müəllim işləyə bilməyəcək? - ARAŞDIRMA

Qiyabi təhsil alanlar müəllim işləyə bilməyəcək? -  ARAŞDIRMA
Bütün Xəbərlər
15:40 20.11.2013
2948

Bir neçə ay bundan öncə müəllimlərin işə qəbulu ilə bağlı təhsil nazirinin yeni əmri pedaqoji sahəni özünə ixtisas seçənlərin qarşısında mühüm şərtlər qoyub. Bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim kimi sinfə daxil olmasına icazə verilmir. Bu pillə üzrə təhsilini qiyabi oxuyub başa vuran məzunlar istisna olmaqla, hazırda bakalavriat üzrə qiyabi təhsil alan 3-4-cü kurs tələbələri müəllim işləyə bilməyəcəklər.

Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbulun 2015-ci ildən dayandırılması planlaşdırılır. Bununla bağlı qanunvericilikdə də müəyyən dəyişikliklər ediləcək. Dəyişikliyə görə, qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq.

“Bu o demək deyil ki, qiyabi təhsil alan bakalavrlar sabah işsiz qalmalıdır”.

Qiyabi təhsil alan tələbələrin müəllim kimi fəaliyyəti, ümumiyyətlə qiyabi təhsilin özünün nöqsanlı tərəfləri ilə bağlı pedaqoqların, o cümlədən ekspertlərin fikirləri əksərən üst-üstə düşür.

Məsələylə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Şahlar Əsgərov bu qanunun qəbul edilməsini yüksək qiymətləndirib. Ekspertin fikrincə, təhsildə olan nöqsanların aradan qaldırılması və kadr potensialının artırılması üçün bu qanuna ehtiyac vardı:

“Azərbaycan təhsil sistemində bu gün həllini gözləyən onlarla problem var. Təhsil naziri Mikayıl Cabbarovun vəzifəyə təyinatından sonra o təhsildə 10 köklü islahatın keçiriləcəyini açıqlamışdı. Bu əmrin verilməsini isə mən ancaq alqışlaya bilərəm. Çünki qiyabi təhsil alan və sabah müəllim statusu alan şəxslərin birbaşa şagirdə verə biləcəyi biliyin səviyyəsi aşağı olacaq. Ancaq bu o demək deyil ki, qiyabi təhsil alan bakalavrlar sabah işsiz qalmalı və aldıqları təhsillə heç bir iş görə bilməzlər. Mən düşünürəm ki, bununla bağlı nazirlikdə bir komissiya təşkil olunmalıdır. Bu komissiya qiyabi təhsil alan bakalvrlar arasında ən yaxşı biliyə malik olanları işə cəlb etməlidir. Çünki bu günə kimi minlərlə tələbə qiyabi təhsil alıb. Onları kənara qoymaq düzgün deyil”

“Qiyabi təhsil artıq öz dövrünü bitirib”

Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir ki, qiyabi təhsil forması sovetdən qalma təhsil formasıdır. Buna görə də, bu sistemin ləğvi labütdür:

“Qiyabi təhsil indi özünü doğrultmur. Çox ölkələrdə artıq distant (məsafədən təhsil) təhsilə keçilib. Baxmayaraq ki, bizdə bu proses getməyib. Bizdə böyük ali məktəblərin İKT təminatına ehtiyac var. Regionlarda sürətli internet vasitəsilə tələbə-müəllim əlaqələrinin qurulması problem kimi qalır. Ona görə də qiyabi təhsilin təkmilləşdirilməsi üçün ideyalar da mövcud deyil. Qiyabi təhsil artıq öz dövrünü bitirib. Əvvəlki qərar pedaqoji ixtisaslar üzrə təhsil alan 3-4-cü kurs tələbələrinə pedaqoji fəaliyyətlə məşğul olmağa icazə verirdi. Bu, çox ciddi nöqsan idi. Yəni kursun 60-70 faizini keçən tələbələr sinif otağına müəllim kimi daxil olurdular. Hamı bilir ki, qiyabi sessiyalar necə yola verilir. Ümumiyyətlə, qiyabi təhsilin necə keçdiyini hamı gözəl bilir. Yəni kursun 60-70 faizini keçənləri müəllim qismində sinif otağına buraxmaq çox ciddi nöqsanlardan xəbər verirdi”.

Distant Təhsil sistemi nədir?

Artıq Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılması planlaşdırılır. Bununla bağlı Milli Məclisin Təhsil Komitəsindən də mətbuata açıqlamalar verilib. Yeni qəbul ediləcək qanuna görə, qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq. Tələbələr artıq dərsə getmədən, texnologiyanın imkanları daxilində dərslərdə iştirak edə biləcək.

Dilimizə yeni daxil olan “Distant Təhsil” anlayışı dünyanın bir çox ölkələrində həyata keçirilir. Bəs, Distant Təhsil sistemi nədir və o hansı təhsilimizdə hansı yeniliklər yaradacaq?

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəində beynəlxalq təhsil üçün xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Bəs, xarici universitetlərdə distant təhsil almış tələbələrin diplomları Azərbaycanda tanınırmı?

Azərbaycan Təhsil Nazirliyi distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınıb-tanınması məsələsi də artıq öz həllini tapıb. Belə ki, artıq bununla bağlı nazirlik öz işini genişləndirib.

Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"na görə bu işi təhsil nazirliyi aparmağa başlayıb.

Nazirlik bununla bağlı həmin şəxslərin sənədlərinə fərdi şəkildə baxılacağını açıqlayıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR